AQTA-nın çatışmayan cəhəti NƏDİR? - QURUM RƏSMİSİ TƏNQİD ETDİ

“Bər-bəzəkli mağazalarda, restoranlarda insanların alış-satış etdiyi, yemək yediyi yerlər həmin məkanın mətbəxi ilə adekvat deyil. Azad İstehlakçılar Birliyi illər öncə tele-layihə çərçivəsində şəhərin ən mərkəzi yerlərində yerləşən restoranların mətbəxində monitorinq keçirmiş və çox acınacaqlı halların şahidi olmuşdur. Ona görə də biz təşəbbüs qaldırdıq, şəhərin yalnız bir restoranında zala monitor qoymağa nail olduq”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bununla da zalda oturan qonaqlar mətbəxdə nə baş verdiyini görəcəkdi: “Təəssüf ki, daha sonra o monitor götürüldü. Bu cür problemlər daha çox şirniyyat mağazalarında yaşanır. Satış olunan yerlər bər-bəzəkli, guya tər-təmizdir, lakin istehsal yerləri bərbad haldadır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mümkün olan nəzarəti həyata keçirir. Lakin nə qədər nəzarət həyata keçirilsə də, ümumilikdə vəziyyət tam düzəlmr”.

Sədr sözlərinə davam edərək bildirib ki, bu məsələlərin həllində ictimaiyyətin böyük rolu olmalıdır: “İctimaiyyət belə halların şahidi olduqda görüntüləyib paylaşmalıdır, lazım olsa şirniyyat aldığı obyektin mətbəxinə getməlidir. AQTA-nın ən böyük çatışmayan cəhətlərindən biri mediada yayılan məsələləri təqib etməməsidir. Çox təəssüf ki, AQTA mediada verilən materialları izləyə bilmir və ya izləmək istəmir. Nə qədər ki media ilə nəzarət edən orqanlar sıx əlaqədə işləmirlər, belə hallar da çox baş verəcək. Ona görə də bütün dövlət orqanlarını media işçilərinin əməyini qiymətləndirməyə, onların qaldırdığı bu cür məsələlərin arxasınca getməyə çağırıram. Bu məsələnin həlli üçün ictimai və dövlət nəzarətinin media üzərindən qurulması əsas istiqamətlərdən biridir. Bu nəzarət təşkil olunmasa belə halların çox şahidi olacağıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə