"Bütün dünya Azərbaycanın humanist addımını görməlidir" - ŞƏHƏR SAKİNLƏRİ- SORĞU

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc bildirib ki, Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcək. Bununla bağlı artıq 360-a yaxın sənəd müzakirə edilib. Qeyd olunub ki, müraciətlərə baxılması may ayına qədər davam edəcək. Bəs görək belə əlamətdar hadisə ilə bağlı şəhər sakinləri nə düşünür. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Əhməd Məmmədli: "Təbii ki, belə bir gözlənti hər kəsi məmnun edir. Əvvəlcə əməkhaqqı və pensiyaların artması, daha sonra isə bu xəbər həqiqətən ölkəmiz, xalqımız üçün önəmli addımlardır. Bütün dünya görsün ki, bizim ökə başçımız öz xalqına şiddət yox, sadəcə sevinc bəxş edir. Əminəm ki, azadlığa buraxılacaq şəxslər də Prezidentin bu addımını düzgün dəyərləndirəcək".

Şəhər sakini Gövhər Abdullayeva: "Əfv sərəncamının ehtimalı belə insanı kövrəldir. Bu qərarın mənə heç bir aidiyyatı olmasa belə özümü dörd divar arasında olan ailə üzvünün, yaxınının, dost-tanışının azadlıqda ola biləcəyini düşünən insanların yerinə qoyuram. Yenə də onların hiss etdiklərini tam şəkildə duya bilmərəm. Düşünürəm ki, belə qərarlar Azərbaycan Prezidentinin azadlığa verdiyi dəyəri göstərir. Tezliklə ölkəmiz üçün əlamətdar bir hadisələrdən biri olacağını ümid edirəm".

Şəhər sakini Fuad Hüseynov: "Verilən bu qərarı alqışlayıram. Nəzərdə tutulan bu sərəncamla dövlət başçısı yüzlərlə insana sevinc bəxş edəcək. Əgər əfv olunan şəxslərin ailə üzvlərini, qohum-əqrəbasını, dost-tanışlarını da nəzərə alsaq, nə qədər insan sevinc yaşayacaq. Təbii ki, hər zaman xalqına bu cür xoşbəxtliklər yaşadan dövlət başçımıza minnətdarıq".

Şəhər sakini Ağabacı Əmrahova: "Xüsusilə son zamanlar ölkədə sosial həyatın, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Əlbəttə ki, bütün bunlar ölkəmizin xeyrinədir. Günü-gündən daha da irəli getməyimizi, daha çox sevinməyimizi arzu edirəm. Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi həqiqətən də o, hər bir azərbaycanlının Prezidentidir. Bizim Prezidentimiz insana, xalqına böyük önəm verir. Mərhəmət çox yaxşı şeydir. Əfv də mərhəmətin təcəssümüdür".

Şəhər sakini Firuz Zülfüqarov: "Səhvsiz heç kim yoxdur. Neyləmək olar, bəzilərinin taleyi belə gətirib. Əsas odur ki, onlar öz səhvlərindən dərs çıxarsın və onlar üçün yaradılmış belə fürsətlərdən düzgün istifadə etsinlər. Kimin əfv olunacağını bilmirəm, amma unutmasınlar ki, bu şans hər adamın qarşısına çıxmır. Allah heç kimin ağlını əlindən almasın, cənab Prezidentimizin də canını sağ etsin. Hər zaman gözəl xəbərlərlə sevinək".

Şəhər sakini Zərif Fərzəliyeva: "İnanırsınız, yol gözləyən bir vətəndaş kimi indidən çox həyəcanlıyam. Allah mənim vəziyyətimdə olan hər bir kəsə səbr versin. İnşallah sərəncamın imzalandığı gün tez gəlib çatar. Mən də o xoşbəxtliyi dadanlardan olaram. Biz Prezidentimizə güvənirik. Bilirik ki, ilk öncə Allah, sonra Prezidentimiz bizi darda qoymaz".

Şəhər sakini Adil Məmmədov: "Bu qərar bizə həm cənab Prezident İlham Əliyev, həm də Ümummilli lider Heydər Əliyevin önəmini xatırladır. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə belə gözəl bir anı yaşamaq ehtimalımız var. Azərbaycan xalqı həm belə əlamətdar gün, həm də bu sərəncamla ikiqat sevinəcək. Arzu edirəm, kim ki layiqdir, o da azadlığa qovuşsun və artıq bu cinayətlərə, oğurluqlara ümumiyyətlə, neqativ hallara bir son verilsin".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə