"Konsepsiya Qərbi Azərbaycan İcmasının fəaliyyətində yeni bir mərhələdir" - DEPUTAT AÇIQLAMA VERDİ

"Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündə mühüm məsələlər müzakirə olundu, məqsədlər və vəzifələr müəyyənləşdirildi və nəhayət bu gün icma Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını qəbul edəcək. Konsepsiya üç əsas prinsipə söykənir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

O bildirib ki, konsepsiyanın prinsiplərindən birincisi təhlükəsizlik, ikincisi ləyaqət, üçüncüsü isə sülh yolu ilə Qərbi Azərbaycana qayıdışı nəzərdə tutur: "Eyni zamanda, konsepsiya Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıtması üçün yol xəritəsi rolunu oynayır. Konsepsiya beynəlxalq, humanitar və müharibə hüquqlarına, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması hüquqlarına əsaslanır. Ona görə də konsepsiyanın qəbul olunması Qərbi Azərbaycan icmasının fəaliyyətində yeni bir mərhələ yaradır, mübarizəmizi yeni keyfiyyət mərhələsinə daxil edir. Çünki konsepsiyada da qeyd olunduğu kimi, son 200 illik tariximizdə xalqımıza qarşı öz Vətənimizdə çoxsaylı cinayətlər törədilib, soyqırımı siyasəti aparılıb. Ən maraqlı məsələlərdən biri də odur ki, Azərbaycan xalqına qarşı edilən ədalətsizlik sonrakı mərhələdəki ədalətsizliklə ört-basdır olunub".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə