Azərbaycanla BƏƏ arasındakı əməkdaşlıq iqtisadi inkişafın göstəricisidir

Bildiyimiz kimi, cari ilin 15 yanvarında cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə işgüzar görüşü olub. Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. Məlumdur ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Prezident İlham Əliyev də keçirilən mötəbər görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib. Ölkə rəhbərinin bu səfəri həm siyasi, həm də iqtisadi baxımdan xüsusilə böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman, Vətən müharibəsində, eləcə də postmüharibə dövründə Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, işğalçı ölkənin hərəkətlərini pisləyən bəyanatlarla çıxış edib.

.Prezident İlham Əliyevin 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərində dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində fəxri qonaq qismində iştirakı və çıxış etməsi dövlət başçımızın regionda liderliyinin göstəricisidir. Dövlət başçımız çıxışında bildirib ki, Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox müsbət münasibətlər mövcuddur: “Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik. Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir”.

BƏƏ-yə məxsus və dünyanın ən böyük enerji şirkətlərindən olan “Masdar” şirkəti hazırda Qaradağ rayonu ərazisində bərpa olunan elektrik enerjisi istehsal edən stansiya inşa edir.

Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə getdikcə dərinləşən və gələcəyə hesablanan hərtərəfli əlaqələr də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir.

BƏƏ şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi və investisiya qoyması onların da birbaşa marağındadır. Burada əsas nüans ondan ibarətdir ki, bərpaolunan enerjidən istehsal olunan enerjinin 20 faizi daxili bazara yönləndirilsin, 80 faizi isə eksporta getsin. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, logistika, qarşılıqlı investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuş, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti qeyd edilmişdir. Hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatı Apartının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə