İtirilən enerji və gücü bərpa etməyin yolları BƏLLİ OLDU - HƏKİM AYDINLIQ GƏTİRDİ

"Xəstəlik zamanı istər-istəməz orqanizmdə müəyyən enerji itkisi baş verir. Müəyyən qədər orqanizmin immuniteti, müqaviməti zəifləyir. Ona görə itirilmiş enerjini bərpa etmək üçün ilk növbədə yuxu rejimi qaydaya salınmalıdır". Bu sözləri SİA-ya açıqlamasında əməkdar həkim Taryel Eyvazov deyib.

Onun sözlərinə görə, fiziki aktivlik də həmin enerjinin bərpası üçün mühüm rol oynayır: "Ümumiyyətlə, bədən quruluşunu düz saxlamaq vacibdir. Oturanda büküldüyümüz zaman onurğa sıxılır və bu da istər-istəməz beyinə, oradan da mərkəzi sinir sisteminə problemlər yaradır. Beynin fəaliyyətini müəyyən qədər zəiflədir, tənəffüs və qan-damar sisteminin nizamı pozulur".

Həkim sözlərinə davam edərək bildirib ki, bunların xaricində xəstəlik dönəmində də, ondan sonra da təmiz havada olmaq tövsiyə edilir: "Yalnız çöldə gəzməklə kifayətlənməməli, həmçinin evin, otağın da tez-tez havasının dəyişdirilməsinə, oksigenlə təmin olunmasına fikir verilməlidir. İş otağında və ya evdə müxtəlif aromalı bitkilər də saxlaya bilərsiniz. Bu bitkilərlə də olduğunuz yerin havasını dəyişdirmək mümkündür. Buna aromaterapiya deyilir.

Xəstəlikdən sonra bəzi adamlarda iş qabiliyyəti azalır və ya düşünürlər ki, hələ yeni sağalmışam, çox iş görməyim ziyan olar. Amma xəstəlikdən sonra iş fəaliyyətini mütləq bərpa etmək, yüksəltmək məsləhət görülür. İş fəaliyyətini yüksəldən zaman orqanizmin müqaviməti də yüksəlir. Ona görə də işdən kənarlaşmaq lazım deyil. Lakin düzgün şəkildə istirahət edib, vaxtlı-vaxtında dincəlmək də vacibdir.

İtirilmiş enerjinin bərpası üçün əsas rol oynayan şeylərdən biri və başlıcası düzgün qidalanmaqdır. İlk növbədə mütləq səhər yeməyi yeyilməlidir. Eyni zamanda, tövsiyə olunur ki, həmin dönəmdə adət edilən qidalar, meyvə-tərəvəzlər, çərəzlər yeniləriylə əvəz olunsun. Xəstəlikdən yeni sağalmış adamlara alkoqol, ac qarına kofe, qazlı içkilər olmaz.

Orqanizmi ruhlandırmaq lazımdır. Harada və kimlərlə xoş gün keçirirsinizsə orada olmağa üstünlük verin. Əhval-ruhiyyənizi daim yüksək tutun".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə