"Prezident həmişə xalqının qayğısına qalıb, bundan sonra da qalacağına inanıram" - SORĞU

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Bəs görək şəhər sakinləri bu sərəncamı necə dəyərləndirir? SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Gülşən Əliyeva: "Düşünürəm ki, Cənab Prezidentin imzaladığı bu sərəncam əhalinin rifahının daha da yaxşılaşmasına təsir göstərəcək. Qiymətlərin artmasından sonra belə bir qərar ölkəmiz üçün vacib idi. Hər kəsin gözlədiyi bir şey idi. Ona görə də bu, bütün vətəndaşlar kimi mənim üçün sevindirici hal oldu".

Şəhər sakini Rəşid Abdullayev: "İlk öncə cənab İlham Əliyevə təşəkkür edirik ki, bu qədər siyasi məsələlər, xarici səfərlər arasında xalqını heç vaxt unutmur. Bu bizim üçün əvəzolunmaz bir şeydir. Bir çox çətinliklər yaşamağımıza baxmayaraq, hər zaman Prezidentin dəstəyini, köməyini, düşüncəsini hiss etmişik. İnanıram ki, axıra kimi belə davam edəcək".

Şəhər sakini Nərgiz Ağazadə: "Təbii ki, hər kəs kimi mən də minimum əməkhaqqı və pensiyaların artmasına çox sevindim. Buna hər kəsin ehtiyacı var idi. Özümüzü misal göstərərək deyə bilərəm ki, bugünkü gündə nəinki Azərbaycan, bütün dünyada əksiksiz yaşamaq çox çətindir. İnsanlar öz ehtiyaclarını güclə qarşılayırlar. Amma bu cür qərarlar xalqın vəziyyətinin yaxşılaşmasına kömək edəcək".

Şəhər sakini Elmar Bədəliyev: "Belə sərəncamların daimi olmasını və millətimizin hər zaman xoş gün görməsini, yaxşı xəbərlər eşitməsini arzulayıram. Prezident həmişə xalqının qayğısına qalıb, bundan sonra da qalacağına inanıram".

Şəhər sakini Cəlil Cəlilov: "Bu elə bir şeydir ki, gəncdən qocaya kimi hər kəsi sevindirir. İndiki dövrdə pula çox ehtiyac yaranıb. Eyni zamanda, bu insanları ruhlandırır. Əməkhaqqı çox olanda işçi daha da həvəslənir. Ölkə başçımızın bu qərarı ilə biz də var-gücümüzlə çalışıb, peşəmizi lazım olduğu kimi yerinə yetirsək yaxşı olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə