Soyuq havalarda hansı içkilərə üstünlük verilməlidir? - MÜTƏXƏSSİS DANIŞDI

"Qış aylarında mövsümü meyvələrdən hazırlanmış kompotlara üstünlük verilsə, daha yaxşı olar. Mövsümündə yetişən meyvələrin insan orqanizmi üçün daha çox faydalı olduğu elmi tərəfdən sübut olunub. Yay mövsümündə yetişən meyvələrin qışda hibrid olma ehtimalı daha çoxdur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, kompotların sağlamlıq üçün xeyri də var: "Məsələn, heyva kompotu bəlğəmgətiricidir. Onu hazırlayanda tumlarını atmamaq, çürüklərdən təmizləmək lazımdır. Heyva kompotu tumları ilə birgə hazırlanmalıdır. Çünki tumlarında olan yapışqanlılıq yaradan maddə bəlğəmgətiricidir və ağciyərə faydaları var. Qış meyvə-tərəvəzlərindən hazırlanmış kompotlar, çəkilmiş şirələr istehlak edilməlidir. Bu tərəvəzlərdən insanlar əgər kök şirəsini içəcəklərsə, içinə mütləq şəkildə zeytun yağı əlavə etmək lazımdır".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, bunlarla yanaşı, diri su içilməlidir: "Diri su nə qaynadılmış, nə də filtrdən keçirilmiş sudur. Dağ otlarından, xüsusilə nanə, ihlamur və çobanyastığı qarışığından hazırlanmış çaylar antiseptikdir və qəbul edilə bilər. Heç bir əks-təsiri yoxdur. Lakin hər hansısa bir xəstəliyi olan adamlar hər ehtimala qarşı məsləhətləşməlidir. Hər kəsin rəngli, qazlı içkilərdən durmağı məsləhətdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə