Oyuncaqlar uşaq psixologiyasına necə təsir göstərir? - PSİXOLOQ DANIŞDI

"Uşaqların oyuncaqlarla olan münasibətləri onların psixologiyasına təsir edən amillərdən biridir. Uşaq bu fəaliyyət növündə həm fiziki, həm psixoloji baxımdan sürətlə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, oyuncaqlarla arasında qurduğu bağ uşağın fəaliyyətində birbaşa aparıcı mövqeyə malikdir: "Bəzən düşünürük ki, uşağın vaxtından çox hissəsini əyləncəli oyunlarla keçirməsi uşağı inkişaf etdirəcək. Bu isə yanlış düşüncədir".

Psixoloq sözlərinə davam edərək qeyd edib ki, ümumilikdə isə bir uşağın oyuncaqlarla olan münasibəti gələcəkdə onun insanlarla olan münasibətinin təməlini qoyur: "Məsələn, qız uşağının gəlinciyə qarşı davranışları, əslində, onun içində olan analıq duyğusundan irəli gəlir, evcik quranda belə sanki bir qız uşağı öz evini qurur. Eyni zamanda, oğlan uşağının oyuncaq maşınları sürmə şəklindən biz artıq onun yeniyetməliyinin necə olacağını anlaya bilərik. İlk vaxtlardan onun yeniyetməlik problemlərinin öhdəsindən gəlmək üçün oyuncaqlarla, maşınlarla olan münasibətindən gələcək kimliyini üzə çıxarmaq olar. Oyunların içərisində onun gələcəyi üçün uşağa ötürmək istədiyimiz maraqlı nüanslar da var. Bununla belə oyuncaqların həddindən artıq çox olması uşaqlarda davranış pozuntusuna və onlara qarşı səbirsizliyə, qədirbilməzliyə gətirib çıxarır. Odur ki, oyuncaqların uşaqlarımıza yaxşı təsir göstərməsini istəyiriksə, onlar arasındakı münasibəti düzgün dərk etməli və baş verə biləcək natamamlığı vaxtında aradan qaldıra bilməliyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə