Kişilər niyə müəllimlikdən qaçırlar? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Əzəldən bəri təhsil ocaqlarında qadın pedoqoq və müəllimlər üstünlük ediblər. Bunun mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Çünki hər bir oğlan qadınla münasibəti elə müəllimindən öyrənir". Bu sözləri psixoloq-təlimçi Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, müəllimi ilə münasibəti necə olursa, gələcəkdə də həyatında olan qadınla münasibəti də o cür olur: "Evdə ana, məktəbdə də müəllim oğlan üçün qadın obrazının formalaşmasına kömək edir. Lakin oğlan uşaqlarının kişi müəllimlər ilə təmasda olması da mütləq vacibdir. Çünki onlardan öz davranışları ilə bağlı nümunə götürürlər. Bu baxımdan həm kişi, həm də qadın müəllimlərin olması yaxşıdır. Amma elə fənlər var ki, onu qadın müəllimlərin tədris etməsi məsləhətlidir".

Psixoloq sözlərinə davam edərək bildirib ki, ümumiyyətlə, müəllimlik elə bir sənətdir ki, onu sevmək, həm maddi, həm də mənəvi cəhətdən qane olmaq lazımdır: "Əgər nədənsə qane olmamaq məsələsi ortaya çıxırsa, bu zaman aqressiya yaranır və dərslər düzgün şəkildə tədris olunmur. Ona görə də kişilər sırf maddiyyata görə müəllimlikdən qaçırlar.

Son dövrlər isə bu məsələyə münasibət dəyişib. Yaxşı müəllimin maddiyyatı da yaxşı olur. Ona görə də kişi müəllimlərin də sayı artmağa başlayır. Əlbəttə ki, müəllimin qadın və ya kişi olması uşağı anlamaq, ona fərdi yanaşmağı bacarmaq, onu kollektivdə tərbiyə etmək və uşağın xarakterinə uyğun davranmaq üçün fərq yaratmır. Cinsiyyət əsas rol oynamır. Ümumən götürdükdə həm ailədə, həm də məktəbdə qadınlarla ünsiyyətdə olan oğlanlar daha incəruhlu, həssas olurlar. Lakin bu, onların kişi ruhlu olmağına heç bir təsir göstərmir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə