"Könüllü DOST" proqramının gənclər üçün üstünlüyü nədir? - QURUM RƏSMİSİ DANIŞDI

"DOST mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var". Bu sözləri SİA-ya açıqlamasında DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Şahin Əliyev deyib.

Onun sözlərinə görə, bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər: "DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: "Gənc DOST", "Gümüşü DOST" və "Distant DOST" altproqramları.

“Könüllü DOST” proqramı gənclər üçün sosial əhəmiyyətli fəaliyyətdə rola malik olma, əhəmiyyəti işgüzar vərdişlər əldə etmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir.

Bütövlükdə 2022-ci il ərzində ümumi müraciət sayı 30389 nəfər, ümumi cəlb edilən könüllü sayı 1083 nəfər olmuşdur. Əgər bu sayı bölüşdürsək, “Gənc DOST” altproqramı üzrə cəlb edilən könüllü sayı 1068 nəfər, “Gümüşü DOST” altproqramı üzrə cəlb edilən könüllü sayı 15 nəfər, “Gənc DOST” altproqramı üzrə fəaliyyətini başa vuran könüllülərin sayı isə 1105 nəfər olub".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə