Qışda immun sistemini necə gücləndirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI

"Qışda yetişən meyvələr immun sisteminin bir nömrəli dostudur. Qış aylarında gündəlik olaraq meyvə və tərəvəz şirələri istehlak olunmalıdır. Amma bunlar ölkəyə idxal olunan meyvə-tərəvəzlər olmamalıdır. Xarici ölkələrdən gələn məhsulların bizə bir faydası yoxdur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, gəlmə məhsulların 10% faydası olacaqsa, yerli məhsullarımızın 100% faydası olacaq: "Həmçinin, Azərbaycanda yetişən dağ otlarından hazırlanmış çay istehlak etmək də immunitetə müsbət təsir göstərir.

İmmun sistemini gücləndirmək üçün qışa məxsus yeməklərə müraciət etməliyik. Bu yeməklərin sırasına xaş, kəlləpaça, qırmızı ət yeməklərini aid edə bilərik. Qırmızı ət məhsulları B12 ilə zəngin olduğu üçün həftədə iki dəfə istehlak etməliyik. Eyni zamanda, kənd toyuğu yemək lazımdır. Çünki kənd toyuqları zülallarla qidalanırlar ki, bu da insan orqanizmi üçün çox faydalıdır. Gündə iki-üç dənə yumurta yemək olar. Təbii ki, hər hansısa xəstəliyi olan insanlar həkimləri ilə, uşaqlar pediatrları ilə məsləhətləşərək istehlak edə biləcəkləri yumurta sayını dəqiqləşdirə bilərlər".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, bütün bu qidaların sağlam insanlara heç bir ziyanı yoxdur: "Səhhətində problemi olan insanlar isə yediyi məhsulun miqdarına diqqət etməlidir.

Balıq da immunitet sistemini yaxşılaşdıran qidalar arasındadır. Balıqlar, xüsusilə də yağlı balıqlar Omega 3 ilə zəngindir və əvəzolunmaz yağ turşusudur. Təbii ki, söhbət yerli balıqlardan gedir.

Qış aylarında məşhur olan xəmir yeməklərinə gəldikdə isə deyə bilərəm ki, xəmir yeməkləri enerji verir, orqanizmi isti saxlayır ki, bu da soyuqla müqaviməti gücləndirir. Lakin altından xətt çəkərək qeyd edirəm ki, xəmir tam şəkildə buğda unundan, yəni rəfinə olunmamış undan hazırlanmalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə