"Ofelyanın 42 kiloqramlıq canı onlara qurban olsun" - MÜSAHİBƏ

Müğənni Ofelya Şabanovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Son günlər Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində müəyyən boşluqlar hiss olunur. Bu boşluqların əsas səbəblərindən biri məhz bayağı mahnıların istər səhnədə, istərsə də sosial şəbəkələrdə mütəmadi yer alması ilə bağlıdır. Sizcə, burada günahkar müğənnilər, yoxsa cəmiyyətdir?

- Bayağı mahnı yoxdur, bayağı ifaçı var. Mən bayağı mahnıların əleyhinə deyiləm. Amma efirə bu mahnıları gətirmək olmaz. Mən bilmirəm efirlər və aparıcılar hara baxır. Sənəti dərindən bilənləri efirdə çox adi təqdim edirlər. Amma dünən efirə çıxanları, aparıcının cibinə qonorar qoyanları tamam başqa təqdim edirlər. Belə olmaz.

“TikTok”da ürəyiniz nə istəyir oxuyun. Amma bu bayağı mahnıları efirə gətirməyin. Hamımız hər janrda oxuyuruq. Amma bu o demək deyil ki, mən efirdə hər istədiyimi oxuyum. Efirin efir, toyun toy, “TikTok”un da “TikTok” mahnıları var. Bunu ayırmaq lazımdır.

- Bu gün “TikTok” mahnılarını toyda ifa edirlər. Böyükdən kiçiyə kimi hər kəs də bunu alqışlayır. Bu barədə nə düşünürsünüz?

- Bunda cəmiyyətdə olan bəzi insanların da günahı var. Hamıya şamil etmirəm. Səliqəli müsiqi dinləyən insanlar da var. Getdiyim toylarda indiyə qədər məndən bayağı mahnılar istənməyib. Hər müğənninin özünə və səviyyəsinə uyğun izləyiciləri var.

- Niyə indiki əksər müğənnilərimiz “Fiqura, yoxsa sənət” nümayiş etdirir?

- Mən hazırda efirə makiyajsız gəlmişəm. Bu tənbəlliyin əlaməti deyil. Makiyajsız olanda da oxumaq olur. Sadə qara qızam, çəkim də 42 kiloqramdır. Mən ifa edə bilmirəm? Bu gün bir çox müğənnilər mənim yolumla oxuyurlar. Gənclərimizin əksəriyyətində Ofelyalaşma gedir. Halbuki əvvəl mənə birmənalı yanaşmırdılar. Mən getdiyim toyların çoxuna bəzi müğənnilər heç girə bilmir.

Mən armudu stəkan kimi bədən düzəltdirməyin əlehinəyəm. Əziz xanımlar, bədəninizə yazığınız gəlsin, bu ziyandır. O qədər çürümələr baş verir ki… İnanın ki, bu şeylər müvəqqətidir. Gələcəyinizi, övladlarınızı düşünün. Qocalanda sizi kim aparacaq basdırmağa? Belələrinə övlad da yaxın gəlmir. Vay o gündən ki, övlad səni dəfn etməyə çiynində aparmayacaq. Mən o həyatı istəmirəm. Məni kim sevir olduğum kimi sevsin. Özünüz olun, sadə olun. İnsanlara yuxarıdan aşağı baxmayın. Nolsun ki, özünüzü yığdırmısınız.

- Bəlkə onlar sponsor axtarışındadır?

- Yumruğumu stola vurub deyərəm ki, mən sponsorla gəlməmişəm. Mənim təkan verənim də olmayıb. Allah yoldaşımın canını sağ etsin. Mən sənətə fiqura ilə gəlməmişəm.

- Azərbaycanda məşhurlaşmaq asandır, yoxsa çətin?

- Bir fiqura yığdırsan, bahalı geyinsən ağzına gələni oxusan iki vur ikidir. Bu zaman olursan “TikTok” müğənnisi. Heç efirə də ehtiyac olmur.

- Hansı müğənnilər daha populyar sayılır?

- Əgər yarıçılpaq vəziyyətdəsənsə, A kateqoriyasından olan müğənni sayılırsan. Bu yaxınlarda bir müğənnidən efirlərin birində eşitdim ki, “Bu sənətdə heç kim süddən çıxmış ağ qaşıq deyil”. Nə qəşəng boynuna aldın. Amma mənim əzizim, süddən çıxmış ağ qaşıqlar da var. Biri mən özüm. Oğru elə bilir ki, hamı oğrudur. Alçaq da elə bilir hamı alçaqdır. Hamını özün kimi bilmə.

- Son zamanlar ifa olunan mahnıların sözləri insanların yadında qalmır. Bunun səbəbi nədir?

- Elə gözəl yadlarında qalır ki…

- Şou-biznesdə özünüzə rəqib tanıyırsınız?

- Sizcə varmı? Mən özüm bunu deyə bilmərəm. Tanısam həmin vaxt yəqin sənəti qoyaram qırağa.

- Bəzi müğənnilər şəxsi “YouTube” kanallarında baxış sayını artırırlar. Bəs siz necə?

- İnanın ki, mənim bundan anlayışım yoxdur. Heç bilmirəm ki, mənim nə qədər izləyicim var.

- Niyə yoldaşınızda danışarkən bu insanlarda daha böyük bir konflikt yaradır?

- Artıq danışmıram, göz dəyir. Qurban olaram Azərbaycanımın abırlı-həyalı qadınlarına. Ofelyanın 42 kiloqramlıq canı onlara qurban olsun. Mən bu qadınlardan danışmıram. Mən əri ayaq topu edən, onu saymayanlardan, ərə qiymət qoymayanlardan, əri ilə arasında bir balaca problem olanda qaçıb bacı-qardaşına deyənlərdən danışıram.

Şərəflini həmişə şərəfli sevər. Şərəfsiz heç vaxt şərəflini sevməz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə