Ukraynanın ərazi bütövlüyünə hörmət edilməlidir

G7 ölkələri Rusiyanı nəzarət altına aldığı Zaporojye atom elektrik stansiyasını dərhal Ukraynaya qaytarmağa çağırıb. SİA xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, G7 ölkələri Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, AB və ABŞ-ın xarici işlər nazirlərinin birgə bəyanat verərək Rusiyanı qınadığı bildirilib.

Birgə bəyanatda deyilir: “Rusiya dərhal qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarmalı və Ukraynanın ərazi bütövlüyünə hörmət etməlidir”.

Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına nəzarət etməsinin bölgəni təhlükə altında qoyduğu vurğulanan bəyanatda qeyd olunub ki, Rusiya dərhal Ukraynanın Zaporojye atom elektrik stansiyasının bütün nəzarətini və bütün nüvə fəaliyyətlərini suveren dövlət Ukraynaya təhvil verməlidir: "Zaporojye atom elektrik stansiyasını işlədən Ukrayna hakimiyyəti hədə və təzyiq olmadan öz vəzifələrini yerinə yetirməlidir”.

Birgə bəyanatda Ukraynanın nüvə obyektlərinin ələ keçirilməsinin nüvə qəzası, Ukrayna xalqı üçün təhlükə, ətraf ölkələr və beynəlxalq ictimaiyyət üçün təhlükə yaratdığı vurğulanıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə