Bu, Azərbaycana olan etibarın göstəricisidir - ŞƏRH

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası son 18 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrildi. Dövlət başçımızın məqsədyönlü və qətiyyətli xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji müttəfiqlərindən birinə çevrilmişdir.

Müasir dünya düzənində ölkəmizin ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Qeyd edək ki, dövlətimizin başçısı cənab İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Bakının ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Qoşulmama Hərəkatında 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyil. Belə ki, müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Bakının dünyaya sülh və inkişaf mesajı verməsi xüsusi bir hadisədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatını Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı adlandıraraq, qurumun Parlament şəbəkəsinın yaradılmasının ölkəmizin irəli sürdüyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırdı. Həmçinin Prezident gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verdi. Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq və fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb.

Konfransda ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini mənmumluqla xatırladı. Eləcə də, ölkəmizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi mürəkkəb və qaynar münaqişələrin məngənəsində boğulan dünyamızda sülhün, həmrəyliyin, ümumi tərəqqinin üstün gəlməsi uğrunda mübarizədə fəal müzakirələr və məqbul qərarlar qəbul edilməsi üçün səmərəli bir platformadır.

30 ildən bəri Azərbaycanın təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, 2020-ci ilin payızında apardığı Vətən müharibəsində haqlı tərəf kimi ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən ölkəmizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələlər həmin zaman Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyasına başladılar. Azərbaycan lideri daha sonra qeyd etdi ki, bütün bunlar azmış kimi, bəzi ölkələr işğalçıya qarşı mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Amma həmin zaman Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısının konfransda bildirdiyi kimi: “Bu gün, zənnimcə, Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada - Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Bu cür mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir

Fərid Musafayev

YAP Yasamal rayonu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...