31 illik müstəqillik tarixində - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan xalqı olaraq tarixi gün ərəfəsindəyik. 28 May – Müstəqillik Günü respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd edilir. Bunun üçün ciddi əsaslar var. Çünki 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq 1991-ci ildə müstəqilliyimiz bərpa olundu. Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ulu öndərimiz Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Ulu Öndərimizin qurduğu müstəqil Azərbaycan dövləti Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində möhtəşəm nailiyyətlər qazanıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir: “Artıq müasir Azərbaycan 31-ci ildir ki, müstəqil dövlətdir. Ölkəmiz bu dövrə yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur. 31 illik müstəqillik tarixində dövlətimiz həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Ötən dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. Milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində həmçinin özünün siyasi müstəqilliyini təmin edib. Son 19 ildə Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.

Millət vəkilinin sözlərinə görə, 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət başçısının ünvanına gələn məktublardan da göründüyü kimi, hazırda dünya ölkələri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Məsələn, ABŞ Prezidenti Cozef Baydenin məktubunda Azərbaycanın müstəqilliyinə və suverenliyinə birmənalı dəstək ifadə olunur, ölkəmizlə uzunmüddətli əlaqələrin daha da genişdirilməsinə istək qeyd edilir. Eyni zamanda, Azərbaycanın beynəlxalq təhlükəsizliyə, terrorizmlə mübarizəyə verdiyi töhfələr xüsusi vurğulanır.

Kamran Bayramov qeyd edib ki, dövlətimiz özünün milli maraqlar üzərində qurulan siyasətini daim qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir: “Bu baxımdan, ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi. Ən əsas odur ki, müstəqil Azərbaycan uzun illərdən sonra öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları öz torpaqlarından qovdu. Bu səbəbdən də, biz bu ilki 28 May- Müstəqillik Gününü daha yüksək əhval-ruhiyyədə və qürurla qeyd edirik. Əminik ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz gələcəkdə də yeni-yeni zəfərlərə, nailiyyətlərə imza atacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...