Müharibə ən tez halda ilin sonuna yaxın bitə bilər - HƏRBİ EKSPERT AÇIQLADI

“Müharibənin ilk növbədə bitməsini istəyən tərəflər elə müharibədə iştirak edənlərdir”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, kənardakı bəzi ölkələr, o cümlədən NATO sanki bu müharibənin uzanmasında və Rusiyanın daha çox Ukrayna bataqlığında eşələnməsinə maraqlı kimi görünürlər: “Çünki müharibənin başlamasından 3 ay keçməsinə baxmayaraq hələ də Ukraynaya hücum silahları tam həcmdə verilməyib. Az miqdarda verilib və qalan silahların demək olar ki, əksəriyyəti müdafiə silahlarıdır.

Rusiyanın Ukrayna şəhərlərini hücumu isə əvvəl də mövcud idi, bu gün də davam edir. İstənilən halda Rusiyanın bu hücumları davam etdirməsi üçün müəyyən potensialı var. Baxmayaraq ki, intensivlik əvvəlki səviyyədə hiss olunmur, amma yenə də Rusiyanın aviasiyada, artilleriyada və uzaq mənzilli qanadlı və ballistik raketlərdə, həmçinin yüksək hündürlükdə fəaliyyət göstərən hava hücumlarından müdafiə sistemlərində üstünlüyü aşkardır. Əgər Ukrayaya söz verilən silahlar bu ayın sonuna qədər təhvil verilərsə, o zaman qarşımızdakı ay Ukraynanın irimiqyaslı əks-hücumlarının şahidi ola bilərik. Müharibənin nə zaman bitəcəyi ilə bağlı dəqiq diaqnozun qoyulması qeyri-mümkündür. Ən tez halda ilin sonuna yaxın bir vaxtda müharibə bitə bilər. Ondan tez müharibənin bitməsi gözlənilmir. Çünki münaqişə tərəflərinin bir-birinə qarşı irəli sürdüyü şərtlər arasında dərin uçurum mövcuddur. Belə olan halda tərəflərin atəşkəs imzalaması və ya müharibəni qısa zamanda bitirməsi real görünmür”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə