Deputatlar yayda harada dincələcəklər? - MARAQLI FİKİRLƏR - SORĞU

İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Nizamnaməyə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək. Bəs deputatlar bu yay istirahətini harada və necə keçirməyi düşünür?

Mövzu ilə bağlı SİA bir neçə deputat arasında sorğu keçirib.

Millət vəkili Jalə Əhmədova: “Bilirsiz ki, millət vəkillərinin demək olar ki, tətilləri olmur. Düzdür, qanunvericilik baxımından ümumilikdə tətilə çıxır. Amma deputatlarımız yenə də seçildikləri bölgələrdə vətəndaşlarla işlərini davam etdirirlər. Yəni şəxsən öz adımdan onu deyə bilərəm ki, keçən il də, ondan əvvəlki il də yay tətilimi seçicilərimlə birlikdə keçirdim. Əslində bu yay tətilini bizim uzaqda olan kəndlərimizdə yaşayan şəhid ailələrini ziyarət etməyi planlaşdırmışam. Çünki plenar iclaslar olan zaman mən bunu həyata keçirə bilmirəm. Amma yay tətili zamanı düşünürəm ki, bu planımız daha rahat baş tutacaq. Buna görə də bu yay ilə bağlı planlarım bu yöndədir. Lakin təbii ki, bu planların içərisində ailəmə vaxt ayırmaq da var”.

Millət vəkili İlham Məmmədov: “Ümumiyyətlə Milli Məclisdə mövcud olduğum dövrdən bu günə kimi heç vaxt yayda Azərbaycandan kənara çıxmamışam. Çünki Azərbaycanın o qədər gözəl, səfalı yerləri var ki, mənim üçün burada dincəlmək çox rahat və xoşdur.

Çoxları xoşlayır ki, tətil zamanı Avropaya, xaricə getsin. Amma mən bunu sevmirəm. Çünki hara getdiyimizi, nə ilə qidalandığımızı bilmirik. Amma Azərbaycanın elə guşələri var ki, hər gün onların birində dincəlsəniz elə yay fəsili sona çatacaq. Yayda istirahət zamanı kitab oxuyub, mütaliə etməyi sevirəm. Xüsusilə də yay boyu ailəmlə Azərbaycanın gözəl guşələrində dincəlməyi çox sevirəm”.

Millət vəkili Ülviyyə Həmzəyeva: “Qarşıdan yay tətili gəlir. Amma biz millət vəkilləri üçün yay tətili deyilən bir şey yoxdur. Çünki müraciətlər, zənglər yenə də olacaq. Buna görə də biz öz işimizi yenə də davam etdiririk. Təbii olaraq, istirahət üçün də zamanımız olacaq.

Bildiyiniz kimi mən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədriyəm və özüm də sərbəst rəssam olaraq çalışıram. Mən bu yayı daha çox emalatxanada keçirmək istəyirəm. Eyni zamanda ailəmə vaxt ayırmaq, qızımla zaman keçirmək istəyirəm. Lakin işlərimiz yenə də davam edəcək. Düşünürəm ki, bu yay da insanlara faydalı işlər görə biləcəyik. Eyni zamanda xarici ölkələrdə simpoziomlara dəvət alaramsa, məmnuniyyətlə iştirak etmək istəyərəm. Bununla belə bu yay ərzində emalatxanamda Şuşaya həsr olunmuş yeni əsərlər də işıq üzü görəcək”.

Millət vəkili Musa Qasımlı: “Bu il yay tətilini ölkəmiz daxilində keçirəcəyəm. Əsasən seçildiyim Yardımlı-Masallı rayonlarında, Bakıda olacağam. Mümkündür ki, rayonlarımızın birindəki istirahət mərkəzlərinə gedim”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...