Ukraynadakı hadisələr Cənubi Qafqaza təsirsiz ötüşməyəcək - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya və Ukrayna müharibəsi Avrasiyanın orta xəttində geosiyasi mənzərəni dəyişdi. Artıq Ukraynadakı hadisələrin Cənubi Qafqaza təsirsiz ötüşməyəcəyi məlum məsələdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya arasında ciddi şəkildə geosiyasi mübarizənin şiddətlənməsi Ukrayna hadisələri fonunda hər iki ölkənin regiondakı məsələlərə həssas yanaşacağını göstərir: "Onu da qeyd etmək lazımdır ki, bu hadisələr Azərbaycanın geoiqtisadi və geosiyasi çəkisini daha da vacib edir. Bununla da Azərbaycandan artıq London və Pekin arasındakı əsas ticarət, nəqliyyat, kommunikasiya mərkəzi kimi istifadə edilməyə başlanıldı".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, digər bir məsələ isə odur ki, Ukraynada baş verən hadisələr dünyadakı ərzaq balansına, dünyadakı maliyyə proseslərinə ciddi şəkildə təsir edir: "Eyni zamanda, bu müharibə energetika coğrafiyasına da təsir göstərir.

Ümumilikdə müəyyən qrupların öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etdiyini görürük. Çox heyif ki, bu vasitələr arasında milyonlarla insanın həyatını itirməsi və öz doğma yurd-yuvalarından uzaq düşməsi kimi hadisələr də var. Azərbaycan prinsip etibarilə bütün bunlarla tanışdır. 90-cı illərdə bizim dövlətin başına gələnləri unutmamalıyıq. Bizim üçün əsas prioritet məqam region və region ətrafında sülhün olmasıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə