Ermənistanın Ukrayna ilə münasibətləri daha da gərginləşib - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistandakı revanşist qüvvələrin Ukrayna dövlətinə və xalqına qarşı kəskin münasibətini bir neçə istiqamətdə təhlil etmək mümkündür”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin Rusiya istiqamətli mövqe sərgiləməsinin əsas səbəbi Ukrayna-Rusiya müharibəsi və Rusiyanın hakim ideologiyasından asılı olmasıdır: “Çünki Ermənistandakı revanşist qüvvələr tam mənada Rusiyanın müəyyən dairələri tərəfindən idarə olunur. Məhz onlardan gələn sifariş əsasında Ermənistandakı revanşist qüvvələr, keçmiş prezidentlər (Koçaryan, Sarkisyan) mövqe bildirir, addımlar atırlar. Digər bir məqam isə odur ki, müstəqillik əldə etdikdən sonra Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və işğalçılıq siyasətinə cavab olaraq Ukraynanın hər zaman Azəbaycanın yanında olması və onun ərazi bütövlüyünü tanımasıdır. Ukraynanın bu cür fikirlər səsləndirməsi Ermənistandakı revanşist qüvvələrin Ukrayna siyasətinə qarşı əks mövqe formalaşdırmasına səbəb olur. Xüsusilə 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və Krımı ilhaq etdikdən sonra Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı dəyişilməz və qəti mövqe ifadə etməsi, eyni zamanda yaradılan Krım platformasında ən yüksək səviyyədə təmsil olunmağımız Ukrayna-Azərbaycan münasibətlərini daha üst səviyyəyə çatdırmışdır. Bu proseslərin fonunda Ermənistanın Ukrayna ilə münasibətləri daha da gərginləşmişdir.

Son baş verən proseslərdə isə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və işğalçılıq siyasəti həm də Ermənistanda revanşist qüvvələrin davamlı işğalçılıq ideologiyalarına uyğun addım olduğu üçün dəstək qazanırdı. Eyni zamanda revanşist qüvvələr Rusiyanın qısa bir müddət ərzində Ukraynanı məğlub edəcəyindən çox əmin idilər. Bu fonda revanşist qüvvələr Azərbaycana qarşı işğalçılıq siyasəti istiqamətində addımlar atacaqlarını hesablayırdılar. Bununla da revanşist qüvvələr işğaldan azad etdiyimiz əraziləri geri qaytaracaqlarını düşünürdülər. Ukraynanın Rusiyaya çox uğurla müqavimət göstərməsi və son dövrlər əks həmlələr edərək Rusiya hərbi qüvvələrinə ciddi zərbələr endirməsi revanşist qüvvələrin arzularını, xəyallarını puça çıxardı. Təbii ki, bu səbəblərdən qaynaqlanaraq Ermənistandakı revanşist qüvvələrin Ukrayna xalqına, dövlətinə qarşı bir nifrət hissini formalaşıb. Hesab edirəm ki, Ermənistan cəmiyyəti boş xəyallardan uzaq durmalı, baş verən hadiləsələrə reallıqla baxmalı, mövcud şərtlər daxilində sülh müqaviləsini qəbul etməlidir“.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə