Müharibənin hansı tərəfin qələbəsi ilə yekunlaşması sual altındadır - POLİTOLOQ AÇIQLAMA VERDİ

"Rusiya-Ukrayna müharibəsinin növbəti mərhələsinin qızışdığı dövrdə münaqişənin bitməsi ilə bağlı danışmaq mümkün deyil. Döyüşlər konkret olaraq keçmiş Donetsk və Luqansk vilayətlərinin adminstrativ ərazilərinin tam nəzarətə keçirilməsi məqsədilə aparılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Ukrayna var gücü ilə müqavimət göstərir: "Eyni zamanda, rus ordusu böyük itkilər verir. Lakin bunu Ukraynanın qələbəsi kimi qələmə vermək olmaz. Çünki Donetsk və Luqansk vilayətlərinin 30% ərazisi işğal edilmişdisə, hazırda bu ərazilər qat-qat çoxalıb".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, Ukraynanın cənub hissəsində bir neçə iri şəhər ələ keçirilmiş, Rusiyanın Krımla quru yolu tam təmin olunmuşdur: "Rusiya-Ukrayna müharibəsinin bugünkü günündə qızğın döyüşlər davam edir. Müharibənin hansı tərəfin qələbəsi ilə yekunlaşması hələ də sual altındadır. Ümumiyyətlə, qələbənin olub-olmayacağı belə şərtidir. Çünki qələbə məqsədə nail olmaq deməkdir. Rusiyanın isə müharibənin əvvəlində qeyd etdiyi məqsədlərlə, indiki məqsədləri arasında böyük fərq var. İlk gündən son günə qədər bir məqsədin, tələbin olması müharibənin bitməsinə gətirib çıxarır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə