Qarşıda ölkəmizi daha çox nailiyyətlər gözləyir - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Prezidenti İlham Əliyev nadir ölkə rəhbərlərindən biridir ki, O, region və dünya səviyyəli siyasi arenalarda böyük işlər görməsinə baxmayaraq həm də Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsini böyük məsuliyyətlə icra edir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Prezidentin idmana və milli idmançılara qayğısı, diqqəti sosial bir mesajdır: "Bu mesajla ölkə başçısı dünyaya və cəmiyyətimizə göstərir ki, Azərbaycan insanı sağlam ruhda böyüyür, Azərbaycanda idmana böyük diqqət və qayğı var. “Sağlam bədəndə sağlam ruh olar” prinsipi bu gün ölkəmizdə dövlət siyasətlərinin əsas komponentlərindən biridir. İdmançılarımız da çox böyük nailiyyətlərlə ölkəmizi, xalqımızı sevindirir. Artıq Azərbaycanda bir neçə Avropa çempionu, Dünya Avropa çempionları var və bu yetişməkdə olan gənc nəsil üçün bir stimuldur. Bunların hər biri ölkəmizdə bədən tərbiyəsinə, idmana olan qayğının bariz nümunəsidir. Bu yaxınlarda gənc güləşçilərimizin Avropa çempionu olması, bir neçə gün sonra isə yuxarı yaşdakı güləşçilərimizin Avropa çempionu olması və onların cənab Prezident tərəfindən qəbul olunması bütün bu dediklərimizin göstəricisidir. Dövlət başçısı görüşdə dövlətin idman sahəsinə xüsusi diqqət ayırdığını vurğulamış, idmançıları təbrik etmişdir. Prezident idmançılara bildirib ki, siz artıq qalib ölkənin idmançılarısınız və sizin qələbəniz hər birimizi sevindirir, hər birimizə qürur hissi verir".

Deputat bildirib ki, idmançılar da onlara göstərilən diqqətin və qayğının nəticəsi olaraq ölkəmizi təmsil edir: "Onlar ölkəmizi dünyanın böyük arenalarında şərəflərlə təmsil edir, bayrağımızı qürurla dalğalandırırlar. Cənab Prezident bütün bunları qiymətləndirir, bir çox çıxışlarında qeyd edib ki, mən hər zaman idmançıların yanındayam. Qeyd edim ki, ölkə başçısı növbəti dəfə prezident seçilməsindən 4 il ötür. Bu dörd ildə ölkəmiz bir çox sahələrdə böyük nailiyyətlərə imza atıb. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Düşünürəm ki, qarşıda ölkəmizi daha çox nailiyyətlər gözləyir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə