NATO proseslərə niyə qoşulmadı? - MÜNASİBƏT BİLDİRİLDİ

“NATO və Qərb sülh istəyir, lakin o sülhü özləri üçün istəyirlər. Yoxsa, NATO və Qərb sülh istəmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, Qərb dünyanın müxtəlif regionlarında lokal müharibələr yaratmaq istəyir: "Xüsusilə də bu müharibələrə Rusiyanı və Çini cəlb etmək istəyirlər. Çünki, həmin ölkələrin zəifləməsini istəyirlər. Ukraynadakı müharibə şəraitinə və NATO-nun Ukraynaya yardımına nəzər salsaq düşünərik ki, NATO sülhün tərəfdarıdır. Amma NATO istəmir ki, gərginliklər səngisin və hərbi əməliyyatlar dayandırılsın. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi beynəlxalq hüquqa ziddir. Amma digər bir tərəfdən də NATO-nun apardığı siyasət nəticəsində beynəlxalq hüquq tapdalanıb. Əgər beynəlxalq hüquqa hörmət qoyulsaydı nə İraq dağıdıları, nə Liviyanın başına oyunlar gətirilərdi, nə Türkiyədə dövlət çevirilişinə cəhd göstərilərdi, nə də ki Qarabağ münaqişəsinin həlli bu qədər uzadılardı. Düşünürəm ki, ABŞ başda olmaqla NATO Ukraynada sülh istəmir. Yegənə dövlət Türkiyədir ki, o həqiqətən də sülhün tərəfdarıdır. Türkiyə hər iki tərəflə münasibətlərdə açıq qapı siyasətini həyata keçirir. Çalışır ki, birmənalı şəkildə sülh bərqərar edilsin.

NATO istəyir ki, qaynar ocaqların sayı çoxalsın. Digər tərəfdən isə Qərb Rusiyaya qarşı iqtisadi müharibə aparır. III Dünya Müharibəsi ilə söhbət gedərsə bu məsələlərə toxunmalıyıq. İndiki dövrdə klassik dövrün müharibəsi kimi müharibənin aparılacağı inandırıcı görünmür. Çünki hərbi əçəliyyatlar vasitəsilə aparılan III Dünya müharibəsinin sonu məhz nüvə müharibəsidir. İstər Rusiya, istər ABŞ, istərsə də nüvə silahına malik olan dövlətlər son məqamda bu yola əl atmaqdan çəkinməyəcəklər. Nüvə silahında istifadə isə bütün yer kürəsinin məhvi deməkdir. Bunu fikirləşən Qərb maliyyə müharibəsi aparır. Şərti olaraq götürsək bu müharibəni III Dünya müharibəsi adlandırmaq olar. Hazırkı dövrdə geo-iqtisadi və geo-informasiya pradiqması hökmranlıq edir. Biz bunu Rusiyaya qarşı olan münasibətdə görürük. Rusiyanın iqtisadi imkanlarına, maliyyə imkanlarına zərbə endirilir. Həmçinin Rusiya hazırda informasiya blokadasındadır. Rusiyanın məlumatları dünyaya çatdırılmır. Bu kontekstdə III Dünya müharibəsi davam edir. Amma hərbi kontekstdə əgər NATO bu hərbi əməliyyatlarda müdaxilə etməsə bu III Dünya müharibəsi sayıla bilməz. Çünki hazırda dünyanın ən güclü hərbi-siyasi bloku NATO-dur. Əgər bu blok kənarda qalırsa burda müharibədən söz açıla bilməz. NATO-da III Dünya müharibəsinin başlamaması üçün hərbi əməliyyatlara müdaxilə etmir. NATO ən yaxşı halda digər dövlətləri qızışdırıb müharibəyə cəlb edəcək. Yenə də qeyd edim ki, NATO sülh istəmir. Hətta Rusiya müharibəni dayandırsa da Rusiyaya qarşı sanksiyalar qaldırılmayacaq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə