Qarabağdakı 44 günlük müharibədən, yəni Azərbaycanın ədalətli mübarizəsindən fərqli olaraq Ukraynanın haqlı mövqeyini dünyanın bir çox aparıcı, hegemon, habelə kifayət qədər hərbi gücləri mövcud olan dövlətləri dəstəkləyirlər
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən və dəstəkləməyən cinahların olması kimsəyə sirr deyildi. Düzdür, istər tarixi reallıqlar, istərsə də hüquqi və beynəlxalq konvensiyalar da sübut edirdi və bu gün də, sabah da sübut ki, Qarabağ Azərbaycandır! Hətta Ermənistanın strateji müttəfiqi, o cümlədən, Qarabağ münaqişəsi faktorunda istər gizlin, istərsə də açıq - daha çox Ermənistanın yanında olduğunu nümayiş etdirən Rusiyanın prezidenti səviyyəsində Qarabağın Azərbaycana məxsus olması barədə fikiri bəyan edilmişdi. Lakin buna rəğmən, nəyin-necə olduğunu da bilənlər yaxşı bilir, eyni zamanda, Fransa, Yunanıstan, ABŞ kimi ölkələrin məlum siyasi dairələri hər vəchlə erməni utopiyalarına, ya da “məzlumkeşliyinə”, “əzabkeşliyinə” istinad etmələri ilə açıq-aşkar işğalçılara dəstəklərini nümayiş etdirirdilər və bu barədə çoxsaylı faktlar da mövcuddur.
Sübut olundu ki, artıq yeni dünya quruluşu heç də kağız üzərində yazılmış qətnamələr, qərarlar üzərində formalaşmır!
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı və Silahlı Qüvvələri Ali Baş Komandanın ətrafında sıx birləşməklə müzəffər zəfərə, qələbəyə doğru inamla addımladı, bütün dünyaya haqq-ədalət mübarizəsinin necə aparılmalı olduğunu isbatlamış oldu. Dünyaya, eləcə də bəzi anti-Azərbaycan qüvvələrinə yalnız tarix deyil, həm də həqiqət dərsi keçən şanlı ordumuz Dövlət Başçısının sınmaz iradəsinə söykənərək ədaləti bərqərar etdi. Sübut olundu ki, artıq yeni dünya quruluşu heç də kağız üzərində yazılmış qətnamələr, qərarlar üzərində formalaşmır, bu gün əsas gerçəklik haqlı və güclü olmaq meyarı ilə ölçülür. Təbii ki, bir də İlahi ədalət prinsipi...
Bəlkə də gülclü olmasına rəğmən, ədalətsiz siyasət yürüdən dövlətlər də var və belə olan halda hazırda bəşəriyyətin nəzəri Ukaynaya tərəf yönəlib. Bu gün həmin ölkədə qanlı müharibə gedir və müharibədə iştirak edən tərəflərdən biri də məhz Rusiyadır. Ukrayna öz torpaqlarını separatçı meyillərdən təmizləmək üçün, Rusiya isə öz siyasi maraqlarını təmin etmək üçün bir-birləri ilə rəsmi savaş vəziyyətindədirlər.
Ukrayna tək qalmayıb, ona kifayət qədər və müxtəlif cəhətlərdən çoxsaylı yardımlar olunur
Və bu gün, Qarabağdakı 44 günlük müharibədən, yəni Azərbaycanın ədalətli mübarizəsindən fərqli olaraq Ukraynanın haqlı mövqeyini dünyanın bir çox aparıcı, hegemon, habelə kifayət qədər hərbi gücləri mövcud olan dövlətləri dəstəkləyirlər. Bu gün ABŞ, Avropa İttifaqı ölkələri, həmçinin aparıcı Şərqi Avropa dövlətləri (bir neçəsi istisna olmaqla) Ukraynaya silah, hərbi texnika, digər təchizatlar göndərirlər, hətta qırıcı təyyarələrin də göndərilməsi barədə qərarlar verilib.
O cümlədən, aparıcı Avropa dövlətləri öz vətəndaşlarının könüllü qaydada Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmələri ilə bağlı rəsmi icazələr də veriblər. Artıq Danimarka, Norveç, Finlandiya, Niderland, Horvatiya, Polşa və s. kimi digər ölkələrdən Rusiyaya qarşı döyüşməyə gedənlər də mövcuddur.
Əbəs deyil ki, Ukrayna dövləti rəsmi qaydada xarici legionlar təsis edib və onlar müdafiə nazirliyinin sərəncamına veriliblər. Yəni reallıq budur ki, Ukrayna tək qalmayıb, ona kifayət qədər və müxtəlif cəhətlərdən çoxsaylı yardımlar olunur.
Fəqrimiz də məhz bu reallıqdadır
Məhz bu mənzərənin analizini apararkən, Azərbaycanın yanında yalnız Türkiyənin, Pakistanın olduğunu, bu ölkələrin mənəvi dəstək göstərmələrini xatırlatsaq, belə bir nəticə də hasil edə bilərik ki, mənəvi və hərbi cəhətdən daha çox yardımlar alan Ermənistan üzərində qazanılan qələbəmiz eyni zamanda, hərbçilərimizin sonsuz şücaətlərinin, qəhrəmanlıq salnamələrinin göstəricisidir. Təkcə 44 günlük müharibə zamanı işğalçı Ermənistan ordusunun tərkibində neçə-neçə ölkələrdən silahlı terrorçuların qatılması faktlarının da olması kimsəyə sirr deyil.
Daha bir məqam: Qarabağ müharibəsində Ukrayna da Azərbaycanın mövqeyini dəstəkləyən azsaylı ölkələrdən biri idi və bu gün Azərbaycan öz dostluq borcunu əlində olan bütün imkanları ilə qaytarır - çoxsaylı dövlət səviyyəsində humanitar yardımlar göndərilir, xalqın dəstək mesajları verilir və s.
Əlbəttə ki, Azərbaycan dövlətinin torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığı dövrlərdə hər gün (!) müharibəyə hazırlaşıması, xalqımızın döyüş ruhunun ən yüksk və pik həddində olması, hərbi gücünü və iqtisadi potensialını doğru istiqamətdə artırması kimi danılmaz amilləri də unudulmamalıdır.
Fəqət, Ukraynada baş verənlərdə də istisna etmək olmaz ki, orada mübarizə aparan xalq arasından qəhrəmanlıqlar, şücaətlər göstərənlər var. Lakin fakt budur ki, Azərbaycan öz əzəli Qarabağ torpaqlarını çoxsaylı anti-Azərbaycan məqsədli güclərin, qüvvələrin Ermənistana göstərdikləri davamlı yardımları qarşısında azad etdi. Fəqrimiz də məhz bu reallıqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə