Rusiya-Ukrayna arasında müharibə olmadı - NƏ BAŞ VERİR? - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya-Ukrayna böhranındakı son vəziyyət son günlər dünya gündəmini zəbt etməkdə davam edir. İki ölkə arasında yaşanan gərginlik müharibə ehtimalını qüvvətləndirir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri bu hücumun hər an başlaya biləcəyini bildirsə də, Ukrayna lideri onları Rusiya rəsmiləri ilə görüşə dəvət edib: "Zelenski Rusiyanın Ukraynaya hücum edəcəyi gün olduğu iddia edilən 16 fevralı “Birlik Günü” adı ilə bayram elan edib. Şəxsi təyyarələri ilə ölkəni tərk edən deputat və iş adamlarına müraciət edən Zelenski Rusiyanın Ukraynaya hücum edə biləcəyi təqdirdə onları 24 saat ərzində ölkəyə qayıtmağa çağırıb.
Proseslər fonunda “Washington Post” qəzetində dərc olunan məqalə diqqət cəlb edir. ABŞ lideri Bayden və Rusiya lideri Putin arasında 1 saatlıq telefon danışığından sonra “Washington Post” qəzetində dərc olunan məqalədə Rusiyanın Belarusda hərəkətliliyinin Ukraynadan qat-qat təhlükəli olduğu bildirilib. Washington Post başqa bir təhlükəyə işarə edərək, Rusiyanın Belarusda davam edən hərbi təlimlərinin Qərb alyansının uzunmüddətli təhlükəsizliyi üçün narahatedici risklər yarada biləcəyini qeyd edib. Xəbərdarlıq edilib ki, Belarusdakı hərəkətlər Ukraynada Rusiyanın daimi hərbi mövcudluğuna gətirib çıxara bilər.
Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, ABŞ və NATO Ukraynaya hərbi dəstək verərsə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Donbas bölgəsində yeni müharibəyə başlamaq cəhdlərinin ölkəni məhv edəcəyini bildirib.
Rusiya Ukrayna konstitusiyasının Donbasa xüsusi status verəcək dəyişikliyində israr etsə də, Ukrayna tərəfində buna şübhə ilə yanaşılır, çünki belə bir dəyişiklik ölkəni parçalanmağa apara bilər. Digər tərəfdən, Moskva böhranı Ukraynanın vətəndaş müharibəsi kimi qələmə vermək və Kiyevi separatçılarla görüşdürmək və özünü böhranın tərəfi olmaqdan çıxarmaq istəyir, bu vəziyyət Ukrayna tərəfindən qəbul edilmir.
Stoltenberqlə görüşündə Zelenski NATO Üzvlük Fəaliyyət Planının verilməsinin vacibliyini vurğuladı və NATO-nun Donbasda müharibəyə son qoymağın yeganə yolu olduğunu bildirdi. Ukrayna 2020-ci ildə NATO-nun genişləndirilmiş imkanlar üzrə tərəfdaşı statusunu alıb. Ərazi bütövlüyünü təmin etmək istəyən Kiyev bu problemi həll etmək üçün NATO-ya üzvlük üzrə Fəaliyyət Planı əldə etmək və tezliklə üzvlük danışıqlarına başlamaq istəyir.
Düşünürəm ki, Moskvanın Rusiya qüvvələrini Ukrayna ilə sərhədinə yerləşdirməsi qismən ölkə siyasətini destabilləşdirməyə yönəlib. Tərəflər qlobal güclərdir. Açıq müharibə insan itkisindən başqa heç nə vəd etmir. Üstəlik ABŞ kimi beyin mərkəzlərinin güclü işlədiyi ölkə anlamamış deyil ki, nüvə silahına sahib Rusiyanın tam zəiflədilməsi elə onların özlərinin təhlükəsizlik maraqlarına təhdiddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB