"Biz bu görüşdən çox uğurlu nəticələr gözləyirik" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikası Milli Məclis sədrinin dəvəti ilə Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Azərbaycana səfərləri başlayıb. Bu səfər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Qarabağ müharibəsi dövründə və müharibədən sonra həyata keçirmiş olduğu uğurlu xarici siyasət strategiyasında qardaş Türkiyənin hər zaman olduğu kimi Azərbaycanı dəstəkləməsi, dost və qardaş Pakistanın Azərbaycanın haqq səsinə səs verməsi üç ölkənin dostluğunun ən böyük nümunələrindəndir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputatın sözlərinə görə, səfər çərçivəsində üç parlamentin iştirakı ilə Bakı bəyannaməsinin imzalanması nəzərdə tutulur: “Bununla bağlı Milli Məclisin sədri Sahibə xanım Qafarova dünən Ədalət və İnkişaf Partiyasının nümayəndə heyətini qəbul edərkən də bildirib. Bakı bəyannaməsi birliyimizin, həmrəyliyimizin bir təcəssümü olacaq. Eyni zamanda parlamentarilərin üçlü tərəfdaşlıq platformasını qurması və bu platforma çərçivəsində Azərbaycan həqiqətlərinin, Qarabağla bağlı atılan addımların dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılması və bu prosesdə parlament diplomatiyasının imkanlarından maksimum istifadə edilməsi də şübhəsiz ölkəmizin milli maraqlarına xidmət etməkdədir”.

R.Həsən vurğulayıb ki, biz bu görüşdən çox uğurlu nəticələr gözləyirik: “Ölkəmizin xarici siyasətində hücum diplomatiyasının ön plana çəkilməsi cənab Prezident tərəfindən hədəf olaraq qoyulub və bu istiqamətdə də Azərbaycan Parlamenti öz üzərinə düşən missiyanı uğurla həyata keçirir. Əminəm ki, üç dost və qardaş ölkənin parlament sədrlərinin, deputatların birgə iştirakı ilə baş tutacaq görüşlər də Azərbaycanın milli maraqlarının qorunmasına öz xüsusi töhfəsini verəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə