İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? – ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: "İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik"

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: "Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq".

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var - böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.
İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.
Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.
Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə