Azay Quliyev Umud Rəhimoğlunu 50 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğluya 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

SİA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli Umud müəllim!

Sizi 50 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm.

Azərbaycanın ilk qeyri-hökumət təşkilatlarından birinin rəhbəri kimi, Siz ölkə ictimaiyyəti arasında böyük nüfuz sahibisiniz. Ölkəmizdə QHT hərəkatının təşəkkül tapmasında və güclənməsində, eləcə də mediamızın inkişafında göstərdiyiniz xidmətlər yüksək qiymətə layiqdir. Siz Milli QHT Forumunun yaradılmasına, uzun illər boyu idarə heyətinin üzvü olaraq bu qurumun möhkəmlənməsinə, həmçinin, Mətbuat Şurasının, KİV-ə Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının formalaşmasına və fəaliyyətinin tənzimlənməsinə böyük əmək sərf etmisiniz. Sizin bu zəhmətiniz həm ictimaiyyət , həm də dövlətimiz tərəfindən təqdir olunub və qiymətləndirilib.

Rəhbərlik etdiyiniz Beynəlxalq Avrasiya Mətbuat Fondu bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT iqtisadi və sosial şurasının xüsusi məşvərətçi statuslu üzvüdür. Vətəndaş cəmiyyətinin qurulmasında və möhkəmləndirilməsində, demokratik təşəbbüslərin və islahatların həyata keçirilməsində xüsusi fəallıq göstərmiş təşkilatınızın həm ölkə daxilində, həm də onun hüdudlarından kənardakı fəaliyyəti böyük humanitar və ictimai fayda verir, Azərbaycanın milli maraq və mənafelərinin qorunmasına xidmət edir. Əminik ki, Sizin rəhbərliyiniz altında Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda ictimai sektorun inkişafına öz uğurlu töhfələrini verməkdə bundan sonra da davam edəcəkdir.

Hörmətli Umud müəllim!

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından Sizi 50 illik yubileyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə