“Paşinyana qarşı ittihamlar artır” ÖZƏL-RƏY

“Vyana görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları bir daha sübut etdi ki, o Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir konkret platformaya malik deyil. İkincisi, Paşinyan Qarabağ probleminin həlli istiqamətində konstruktiv addım atmaq gücündə deyil”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, görüşdən sonra onun etdiyi açıqlamalar bir daha bunu sübut etdi ki, həqiqətən Paşinyan məzmunlu, mahiyyətli danışıqlara qəti şəkildə hazır deyil: “Biz Vyana görüşündən öncə də bütün ekspertlər də hətta Ermənistanın özündə də bildirirdilər ki, Paşinyan bu danışıqlara bir başlanğıc kimi yəni Ermənistan cəmiyyətinin təpkilərinə müvəqqəti əks qoymaq üçün gəlir. Amma ortada nəinki heç bir təcrübə yoxdur, əksinə Paşinyan ziddiyyətli bir mövqedə olduğunu bir daha nümayiş etdirdi. Görüşdən öncə Paşinyan deyirdi ki, Vyanada biz gündəliksiz bir görüş keçirəcəyik. Əgər görüş gündəliksiz olacaqsa, o zaman Vyanaya nəyə gedirsən? Halbuki Azərbaycan tərəfi də, ATƏT-in Minsk Qrupunun həmsədrləri də həmin görüşdən öncə aydın bir mətnlə bildirmişdilər ki, bu görüşə qədər Ermənistanın müəyyən irəli sürdüyü fikirlərin heç bir əsası yoxdur, danışıqların formatı dəyişə bilməz, danışıqlara yeni bir subyekt müstəqil tərəf kimi daxil edilə bilməz. Beləcə danışıqlar əvvəlki formatda davam etdirilməlidir. Bunun qabağında Paşinyanın yenə də öz bildiyini söyləməsi açıq-aydın görünürdü ki, o Vyana görüşündə rüsvayçılıqla qarşılanacaq. Sonrakı hadisələr sübut etdi ki, bu doğurdan da belədir. Paşiyan Vyana görüşü ilə mövqeyinin nə qədər zəif olduğunu, hazırlıqsız və platformasız olduğunu nümayiş etdirdi. Bu gün bütün Ermənistan cəmiyyəti Paşinyanı ittiham edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə