“İnformasiya təhlükəsizliyində dayanıqlı mexanizmlər formalaşdırılacaq” - DEPUTAT

“İnformasiya təhlükəsizliyində dayanıqlı mexanizmlər formalaşdırılacaq” - DEPUTAT

"Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi və kibertəhdidlərə qarşı dayanıqlılığın artırılması istiqamətində son illər mühüm və məqsədyönlü işlər həyata keçirilir". Bu sözləri SİA-ya açıqlaması zamanı millət vəkili Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, xüsusilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strateji yanaşmanın formalaşdırılması, müvafiq institusional mexanizmlərin gücləndirilməsi, kritik informasiya infrastrukturlarının qorunması və bu sahədə kadr potensialının inkişaf etdirilməsi ölkənin rəqəmsal təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Prezidenti İlham Əliyevin 2026-cı il 10 avqust tarixli Fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib. Bununla da Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi sahəsində yeni hüquqi mərhələnin başlanğıcı qoyulub. İnformasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövrdə məhz bu sahəni tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən müvafiq Fərmanın imzalanması dövlət səviyyəsində informasiya təhlükəsizliyinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Beynəlxalq təcrübə və qabaqcıl qanunvericilik nümunələri nəzərə alınmaqla hazırlanmış dəyişikliklər informasiya təhlükəsizliyi sahəsində hüquqi tənzimləmənin müasir çağırışlara uyğunlaşdırılmasına mühüm töhfə verir. Bu dəyişikliklər çərçivəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tənzimləmə dairəsi genişləndirilərək informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı münasibətlər də Qanunun tənzimlədiyi ictimai münasibətlər sırasına daxil edilib. Bu yanaşma, xüsusilə rəqəmsal transformasiyanın sürətləndiyi və kibertəhdidlərin daha mürəkkəb xarakter aldığı bir şəraitdə, Azərbaycanın informasiya məkanının təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi ölkəmizdə informasiya təhlükəsizliyi üzrə daha çevik, sistemli və dayanıqlı mexanizmlərin formalaşdırılmasına imkan yaradır.

Bu gün rəqəmsallaşma sürətləndikcə kibertəhdidlərin xarakteri də dəyişir. Ona görə də əldə olunan nəticələrlə yanaşı, qarşıdakı mərhələdə preventiv tədbirlərə, erkən aşkarlamaya və operativ reaksiyaya daha çox diqqət yetirmək vacibdir. Dövlət qurumları ilə yanaşı, özəl sektorun, xüsusilə maliyyə, telekommunikasiya, energetika və digər strateji sahələrdə fəaliyyət göstərən qurumların kibertəhlükəsizlik imkanlarının davamlı şəkildə gücləndirilməsi önəmlidir. Rəqəmsal savadlılığının artırılması və bu sahədə maarifləndirmənin davam etdirilməsi də vacib məsələdir. Digər mühüm istiqamət yerli mütəxəssislərin hazırlanmasıdır. İnformasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində gənclərin potensialı böyükdür. Bu potensialın daha da inkişaf etdirilməsi kibertəhlükələrə qarşı daha dayanıqlı müdafiə imkanlarını genişləndirəcək.

Ümumilikdə, Azərbaycanın bu sahədə qarşıya qoyduğu məqsədlər və həyata keçirdiyi tədbirlər müsbət qiymətləndirilməlidir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın rəqəmsal inkişafla yanaşı, həmin inkişafın təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsinə də xüsusi önəm verdiyini göstərir. Qarşıdakı mərhələdə əsas diqqətin hüquqi mexanizmlərin səmərəli tətbiqinə, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, insan kapitalının inkişafına və kibertəhdidlərin qabaqlanmasına yönəldilməsi mühüm nəticələr verəcək. Əsas hədəf əldə olunan nəticələri davamlı şəkildə inkişaf etdirmək, yeni texnologiyalardan, o cümlədən süni intellekt imkanlarından istifadə etməklə ölkənin rəqəmsal mühitini daha təhlükəsiz etməkdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə