Bəhruz Quliyev: "Şuşadan dünyaya sülh və əməkdaşlıq mesajı verildi" - ŞƏRH

Bəhruz Quliyev: "Şuşadan dünyaya sülh və əməkdaşlıq mesajı verildi" - ŞƏRH

"Şuşada keçirilən Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, müasir beynəlxalq münasibətlər sistemində informasiya amili artıq diplomatiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan forumun əsas mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" – təkcə jurnalistika üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır." Bu fikirləri SİA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarını açıq, konkret və faktlara əsaslanaraq cavablandırması göstərdi ki, Azərbaycan öz mövqeyini hər hansı təbliğat üzərində deyil, beynəlxalq hüququn prinsipləri və bölgədə formalaşmış yeni geosiyasi reallıqlar əsasında təqdim edir.
Forumun ən mühüm nəticələrindən biri ondan ibarət oldu ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş nüfuzlu media nümayəndələri Azərbaycanın yaratdığı yeni reallığı yerində müşahidə etmək imkanı qazandılar. Uzun illər birtərəfli informasiyalarla formalaşdırılmış təsəvvürlərin əvəzinə, onlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, müasir şəhərsalma layihələrini, infrastrukturun yenidən qurulmasını və sülh gündəliyinin praktik nəticələrini öz gözləri ilə gördülər.
"Bu gün beynəlxalq medianın üzərinə düşən əsas vəzifə sensasiya yaratmaq deyil, həqiqəti obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. İnformasiya manipulyasiyasının geniş yayıldığı bir dövrdə peşəkar jurnalistikanın məsuliyyəti daha da artır. Şuşa Forumu da məhz bu baxımdan etimadın bərpasına xidmət edən mühüm beynəlxalq platforma kimi çıxış edir.
Prezident İlham Əliyevin çıxışında verilən əsas mesajlardan biri də Azərbaycanın regionda davamlı sülhün tərəfdarı olması idi. Dövlət başçısı bir daha bəyan etdi ki, Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı etimad regionuna çevrilməlidir. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi xarici siyasətin ardıcıl və prinsipial xarakter daşıdığını göstərir.
Şuşadan beynəlxalq ictimaiyyətə verilən digər mühüm mesaj isə Azərbaycanın müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qlobal əməkdaşlığa açıq dövlət olması ilə bağlı idi. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və humanitar əməkdaşlıq sahələrində ölkəmizin irəli sürdüyü təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Şuşa Forumunda iştirak edən xarici jurnalistlərin çoxluğu və onların Prezidentə ünvanladıqları müxtəlif məzmunlu suallar da göstərdi ki, bu gün dünya mediası Azərbaycana artan maraq göstərir. Bu marağın əsas səbəbi Azərbaycanın regional proseslərdə həlledici aktora çevrilməsi və qlobal gündəlikdə mühüm rol oynamasıdır.
Düşünürəm ki, Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin peşəkar müzakirə platforması deyil, həm də Azərbaycanın həqiqətlərini beynəlxalq informasiya məkanına birbaşa çatdıran mühüm diplomatik tribuna oldu. Buradan verilən mesajlar göstərdi ki, həqiqətin ən güclü müdafiəçisi obyektiv media, etimadın ən möhkəm təminatçısı isə şəffaf dialoqdur. Azərbaycan da məhz bu prinsiplər əsasında beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda dayanıqlı sülhün möhkəmlənməsinə öz töhfəsini verməyə davam edir."- deyə, B.Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə