Zakir Həsənov italiyalı admiral ilə görüşüb

Zakir Həsənov italiyalı admiral ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 9-da ölkədə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

​Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələr arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

İtaliya Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə