"ABŞ-Türkiyə əməkdaşlığı yeni imkanlar vəd edir" - POLİTOLOQ DANIŞDI

"ABŞ-Türkiyə əməkdaşlığı yeni imkanlar vəd edir" - POLİTOLOQ DANIŞDI

"ABŞ Prezidentinin Türkiyəyə səfəri bütövlükdə regionun geosiyasi mənzərəsi baxımından və o cümlədən də Cənubi Qafqaz üçün diqqətçəkən hadisədir. ABŞ və Türkiyə arasında son illərdə bir sıra istiqamətlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, tərəflərin dialoqu davam etdirmək istəyi hər iki ölkənin strateji maraqlarına cavab verdiyi üçün ili ölkə arasında münasibətlər müsbətə doğru dəyişir".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu baxımdan Trampın Ankaraya səfəri münasibətlərdə gərginliyin aradan qaldırılmasına və əməkdaşlıq istiqamətlərinin yenidən müəyyənləşdirilməsinə xidmət edən mühüm siyasi addım kimi dəyərləndirilə bilər:

"Türkiyə üçün bu səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, Ankara özünün NATO daxilində və Yaxın Şərqdə oynadığı mühüm rolu bir daha ABŞ administrasiyasına nümayiş etdirmək imkanı qazandı. Məlumdur ki, Türkiyə son illərdə regional proseslərdə daha müstəqil xarici siyasət yürüdərək Qara dəniz hövzəsi, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada təsir imkanlarını genişləndirib. ABŞ prezidentinin Türkiyəyə səfəri Vaşinqtonun da Ankaranın bu geosiyasi çəkisini nəzərə aldığını göstərən mühüm diplomatik mesaj kimi qəbul edilə bilər. Bu, eyni zamanda müdafiə sənayesi, enerji təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlığın yeni mərhələsinə də zəmin yarada bilər.

Azərbaycan baxımından isə Trampın Türkiyə səfəri strateji müttəfiqlik münasibətlərinin daha geniş regional kontekstdə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" prinsipinə əsaslanan əməkdaşlıq modeli formalaşdırıblar və son illərdə bu əməkdaşlıq hərbi, siyasi, iqtisadi və enerji sahələrində daha da dərinləşib. ABŞ-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanın da maraqlarına uyğun gəlir. Çünki Ankara ilə Vaşinqton arasında daha konstruktiv dialoq Cənubi Qafqazda təhlükəsizlik, enerji layihələri və nəqliyyat dəhlizlərinin inkişafı baxımından daha əlverişli beynəlxalq mühit yarada bilər.

Xüsusilə Orta Dəhliz, Transxəzər nəqliyyat marşrutu və Avropanın enerji təhlükəsizliyi kimi məsələlər fonunda Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin strateji əhəmiyyəti artır. ABŞ-ın bu marşrutlara və regionda sabitliyin qorunmasına daha böyük maraq göstərməsi Bakı və Ankara üçün əlavə diplomatik imkanlar yarada bilər. Eyni zamanda, Vaşinqtonun Türkiyə ilə əməkdaşlığı genişləndirməsi NATO-nun cənub və şərq cinahında koordinasiyanın güclənməsinə də töhfə verə bilər.

Odur ki, Donald Trampın Türkiyəyə səfəri həm Türkiyə, həm də Azərbaycan üçün geosiyasi baxımdan mühüm hadisə hesab oluna bilər. Bu səfər ABŞ-Türkiyə münasibətlərinin gələcək inkişafı ilə yanaşı, həm də Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, regional əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının beynəlxalq müstəvidə əhəmiyyətinin daha aydın görünməsinə töhfə verə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə