“Azərbaycanın dünyadakı nüfuzu ölkənin adına və tarixinə layiq şəkildə, şərəflə əldə olunub” - ŞƏRH
“Hazırda Azərbaycanın dünya miqyasında mövqeyi, nüfuzu və təmsilçilik imkanları kifayət qədər yüksək səviyyədədir. Eyni zamanda dünyada elə ölkələr var ki, öz mövqelərini, suverenliklərinin, müstəqilliklərinin və azadlıqlarının müəyyən hissəsini kimlərəsə qurban vermək bahasına əldə ediblər. Lakin həmin ölkələrdən fərqli olaraq, Azərbaycanın dünyadakı nüfuzu, mövqeyi və qazandığı uğurlar ölkənin adına və tarixinə layiq şəkildə, şərəflə əldə olunub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi eskpert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın dünyada malik olduğu mövqe onun ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin tam bərpası üzərində formalaşıb:
“Bu baxımdan Azərbaycan nadir ölkələrdən biridir. Bəzi dövlətlər dünya birliyində öz ərazi bütövlüyünün və suverenliyinin müəyyən hissəsini itirmək bahasına yer tutublar. Azərbaycan isə əksinə, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə dünyada nüfuzunu və mövqeyini möhkəmləndirib.
Bu isə o deməkdir ki, bu gün Azərbaycana ləyaqətli və güclü dövlət kimi yanaşılır. Azərbaycanla zarafat etməyin, ona sataşmağın və ya onu kiçiltməyə çalışmağın yolverilməz olduğunu artıq hər kəs anlayır və dərk edir. Çünki Azərbaycan 30 illik işğaldan və təcavüzdən sonra öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi təqdim olunur.
Bu, Azərbaycan xalqının və azərbaycanlıların dünyadakı şərəfini və ləyaqətini müəyyən edən əsas amillərdən biridir. Bu gün Azərbaycan hər hansı hərbi blokun üzvü olmasa da, müxtəlif ixtisaslaşmış beynəlxalq təşkilatlarda fəal və nüfuzlu fəaliyyət göstərir. Bir sıra beynəlxalq təşkilatlar məhz Azərbaycanın fəal iştirakı sayəsində daha da güclənib.
O cümlədən, Qoşulmama Hərəkatı buna nümunə ola bilər. Azərbaycan həmçinin Türk Dövlətləri Təşkilatının formalaşmasına təkan verən əsas dövlətlərdən biridir. Hətta bu gün Azərbaycanın dostları ilə yanaşı, rəqibləri də Türk Dövlətləri Təşkilatını XXI əsrdə yaranmış ən perspektivli beynəlxalq təşkilatlardan biri kimi qiymətləndirirlər.
Eyni zamanda bu təşkilatın gələcəyi ilə bağlı böyük gözləntilər mövcuddur. Hamı bilir ki, onun formalaşmasında əsas təşəbbüskar və aparıcı qüvvələrdən biri Azərbaycan olub. Tam əsasla demək olar ki, bu gün Türk Dövlətləri Təşkilatının iki əsas dayağından biri Azərbaycandır.
Azərbaycanın belə beynəlxalq təşkilatlarda nüfuzlu və təsirli mövqeyə malik olması onun dünyadakı yerini müəyyən edən əsas amillərdəndir. Bundan başqa, Azərbaycan dünyada mövcud olan münaqişələr və riskli proseslərlə bağlı həm xalqına, həm də dövlətinə şərəf gətirən prinsipial mövqe nümayiş etdirib. Elə bir beynəlxalq hadisə yoxdur ki, Azərbaycan ona münasibət bildirəndən sonra sonradan həmin mövqeyinə görə xəcalət çəksin və ya peşman olsun.
İstər Rusiyanın Ukraynaya müdaxiləsi, istər Qəzza zolağı, istər Fələstin məsələsi, istər İranla bağlı gərginlik, istər Kəşmir problemi, istərsə də Venesuela ilə bağlı məsələlərdə Azərbaycan hər zaman beynəlxalq hüquqa əsaslanan, sabit və ədalətli prinsiplərə söykənən mövqe nümayiş etdirib.
Bunun nəticəsidir ki, Azərbaycan heç bir situasiyada ortaya qoyduğu mövqeyə görə sonradan ciddi siyasi çətinliklərlə və ya ağır bədəllərlə üzləşməyib. Bütün bunlar Azərbaycanın dünyadakı mövqeyini və nüfuzunu müəyyən edən əsas amillərə çevrilib.
Aydındır ki, Azərbaycan malik olduğu bu nüfuzdan mövcud şəraitdə gələcək dünya düzənində də öz layiqli yerini təmin etmək üçün daha səmərəli şəkildə istifadə etməlidir. Əgər indiki mövqeyimizdən yeni dünya düzənində daha güclü yer tutmaq üçün lazımi şəkildə istifadə edə bilməsək, bu tarixi fürsəti əldən verdiyimizə görə tarix bizi bağışlamayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB