“Təbiətə əsaslanan həllər şəhərsalmanın ayrılmaz hissəsinə çevrilməlidir” - Ağakərim Səmədzadə

“Dünya əhalisinin təxminən 58 faizi şəhərlərdə yaşayır və şəhər əraziləri istilik dalğaları, daşqınlar, su qıtlığı və digər iqlim risklərinə getdikcə daha çox məruz qalır. Məhz buna görə təbiətə əsaslanan həllər mənzil siyasətlərinin və şəhərsalma layihələrinin tərkib hissəsi olmalıdır”.

SİA xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri necə genişləndirə bilərik?” mövzusunda keçirilən sessiyada deyib.

O bildirib ki, şəhərlərin inkişafı ilə təbiətin qorunması arasında aydın tarazlıq saxlanılmalıdır: “Təbiətə əsaslanan həllər şəhər planlaşdırmasının hər mərhələsinə daxil edilməlidir”.

Ağakərim Səmədzadə qeyd edib ki, Azərbaycan artıq bu yanaşmanı dövlət siyasətində tətbiq edir. Onun sözlərinə görə, 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası və onun 2030-cu ilə qədər uzadılmış prioritetləri çərçivəsində “təmiz ətraf mühit və yaşıl artım” əsas milli prioritetlərdən biri kimi müəyyən olunub.

Birinci müavin vurğulayıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşıl enerji zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də ekosistemlərin bərpası istiqamətində genişmiqyaslı işlər aparılır.

O əlavə edib ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılmış tingçilik mərkəzi Qarabağ və Şərqi Zəngəzurda yaşıllaşdırma layihələrinin həyata keçirilməsinə mühüm dəstək verəcək.

Ağakərim Səmədzadə bildirib ki, Azərbaycan artıq NDC 3.0 sənədini təqdim edib və hazırda Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasını hazırlayır. Onun sözlərinə görə, bu məqsədlərə nail olunmasında təbiətə əsaslanan həllər və ekosistemlərin bərpası mühüm rol oynayacaq.

Birinci müavin qeyd edib ki, bu il Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü “Təbiətdən ilhamlanaraq. İqlim üçün. Gələcəyimiz üçün” şüarı altında keçiriləcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə