"Peşəkar kadrlar dövlət siyasətinin uğurunu müəyyən edir" - ŞƏRH EDİLDİ

"İstənilən siyasətin səmərəliliyi və nəticəsi həmin siyasətin icrasına cəlb olunan kadrların peşəkarlığından birbaşa asılıdır. Bu məsələ daim dövlət başçısının diqqət mərkəzində olub".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, təcrübəli və özünü təsdiqləmiş kadrlarla yanaşı, gənc kadrların hazırlanması və onlara etimad göstərilməsi də prioritet istiqamətlərdən biridir: "Kadr hazırlığı ilk növbədə təhsilin keyfiyyətindən başlayır və müasir tələblərə cavab verən mütəxəssislərin formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan gənclərin həm ölkə daxilində, həm də xaricdə bakalavr, magistratura və müxtəlif təlim proqramlarında iştirak etməsi xüsusi əhəmiyyət daşıyır.

Kadrların seçimi zamanı onların peşə hazırlığı ilə yanaşı, insanlarla işləmək bacarığı, məsuliyyət hissi və idarəetmə qabiliyyəti də nəzərə alınır. Azərbaycanda bu gün geniş kadr potensialı mövcuddur və müxtəlif regionlardan, sosial təbəqələrdən olan insanlar dövlət idarəçiliyinə cəlb olunur.

Dövlət idarəçiliyində, bələdiyyələrdə və digər strukturlarda gənclərin iştirakı artır. Eyni zamanda, siyasi partiyalar və dövlət proqramları çərçivəsində kadrların seçkili orqanlarda təmsil olunmasına da diqqət yetirilir. Bu proseslərin şəffaf və obyektiv aparılması mühüm prinsiplərdən biridir.

Hər bir kadr təyinatdan sonra öz məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bu yanaşma dövlətin inkişafı üçün əsas şərtlərdən biridir və idarəetmənin təkmilləşməsinə, müstəqilliyin möhkəmlənməsinə, ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə