"Bu, Azərbaycanın qlobal miqyasda strateji rolunun güclənməsinə xidmət edir" - ŞƏRH EDİLDİ

"Son illərdə Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi nəhəng layihələrlə regionun ən mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Enerji, nəqliyyat, logistika və yaşıl iqtisadiyyat sahələrində reallaşdırılan təşəbbüslər ölkənin iqtisadi inkişafına ciddi təkan verir, eyni zamanda Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu gücləndirir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələrin əsasını enerji və nəqliyyat sahəsində beynəlxalq tərəfdaşlıqlar təşkil edir:

"Xüsusilə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və ölkə etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Hazırda bu dəhlizin genişləndirilməsi istiqamətində aparılan müzakirələr Azərbaycanın enerji ixracının həcminin artmasına və yeni bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir. Bununla yanaşı, regionun geoiqtisadi mənzərəsini dəyişə biləcək mühüm layihələrdən biri də Zəngəzur dəhlizi hesab olunur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və Avropa istiqamətində yeni nəqliyyat marşrutunun formalaşmasına şərait yaradır. Dəhlizin açılması Şərq–Qərb nəqliyyat dəhlizinin imkanlarını genişləndirəcək və Azərbaycanı Avrasiya məkanında əsas tranzit mərkəzlərdən birinə çevirəcək.

Enerji sahəsində diqqət çəkən digər istiqamət isə bərpa olunan enerji layihələridir. Bu baxımdan Qara dəniz Yaşıl Enerji Kabeli layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu layihə Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına ötürülməsini nəzərdə tutur. Layihə Azərbaycanın enerji siyasətində yeni mərhələnin – “yaşıl enerji” strategiyasının formalaşdığını göstərir. Eyni zamanda Azərbaycan və Türkiyə arasında həyata keçirilən İğdır–Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu layihə Naxçıvanın alternativ enerji təminatı sistemini formalaşdırmaqla yanaşı, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmləndiyini göstərir.

Bu layihələr təbii olaraq, Azərbaycanın iqtisadi inkişafına bir neçə istiqamətdə təsir edir. İlk növbədə, ölkənin tranzit və logistika imkanları genişlənir və bu sahədən əldə olunan gəlirlər artır. Digər tərəfdən, enerji ixracının artması dövlət büdcəsinə əlavə valyuta daxilolmalarını təmin edir. Eyni zamanda yaşıl enerji layihələri iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və yeni investisiyaların cəlb olunmasına şərait yaradır. Bir daha qeyd etməliyik ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri ölkənin iqtisadi inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Bu təşəbbüslər təkcə iqtisadi gəlirlərin artmasına deyil, həm də Azərbaycanın regional və qlobal miqyasda strateji rolunun güclənməsinə xidmət edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə