"Lənkəranda fəaliyyətə başlayan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı Azərbaycan dövlətinin regionların inkişafına və insan kapitalına yönəlmiş ardıcıl siyasətinin mühüm tərkib hissəsidir. Xüsusilə İlham Əliyevin bu açılış mərasimində iştirakı məsələnin sırf təhsil layihəsi deyil, həm də strateji dövlət prioriteti olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında aparılan şaxələndirmə siyasəti çərçivəsində qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib: "Bu kontekstdə peşə təhsilinin gücləndirilməsi təsadüfi deyil. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və alternativ enerji kimi sahələrin inkişafı yalnız müasir bilik və bacarıqlara malik kadr potensialı ilə mümkündür. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində elektrik və hibrid avtomobillərin texniki xidməti, kibertəhlükəsizlik, CNC avadanlıqları, Günəş panellərinin quraşdırılması kimi ixtisasların tədrisi Azərbaycanın gələcək iqtisadi modelinə uyğun kadr bazasının formalaşdırıldığını göstərir. Bu layihənin regional aspekti də xüsusi vurğulanmalıdır. Dövlət başçısının siyasətində regionların paytaxtla paralel inkişafı prioritet təşkil edir. Lənkəran kimi strateji və aqrar potensialı yüksək olan bölgədə müasir peşə təhsil mərkəzinin yaradılması yerli əhalinin məşğulluq imkanlarını artırır, gənclərin paytaxta miqrasiyasının qarşısını qismən alır və bölgədə sosial sabitliyi möhkəmləndirir. 962 tələbənin təhsil alması və onların əhəmiyyətli hissəsinin qadınlardan ibarət olması gender balansı və sosial inklüzivlik baxımından da mühüm göstəricidir.
Mərkəzin 30-a yaxın dövlət və özəl müəssisə ilə əməkdaşlıq etməsi isə təhsillə əmək bazarı arasında real körpü yaradır. Bu model klassik nəzəri təhsildən fərqli olaraq praktik bacarıqlara əsaslanan və əmək bazarının tələbatına uyğun çevik mexanizm formalaşdırır. Belə yanaşma işsizlik risklərini azaldır və iqtisadiyyatın rəqabət qabiliyyətini artırır. Digər mühüm məqam ondan ibarətdir ki, mərkəz publik hüquqi şəxs statusunda fəaliyyət göstərir. Bu isə idarəetmədə çevikliyi, maliyyə müstəqilliyini və effektiv qərarvermə imkanlarını genişləndirir. Dövlət idarəçiliyində tətbiq edilən yeni modelin təhsil sektorunda da reallaşdırılması institusional islahatların davamlı xarakter daşıdığını göstərir. Ümumilikdə, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı təkcə bir təhsil müəssisəsinin istifadəyə verilməsi deyil, həm də Azərbaycanın post-neft dövrünə hazırlıq strategiyasının, regionların kompleks inkişaf modelinin və insan kapitalına yatırılan uzunmüddətli investisiyanın konkret təzahürüdür. Bu, sosial rifahın artırılmasına, iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə və dövlətin strateji hədəflərinə xidmət edən sistemli siyasətin tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB