“Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur” - DEPUTAT DANIŞDI

“8 noyabr 2020-ci ildə, 44 günlük Vətən müharibəsində torpaqlar işğaldan azad olunandan sonra, ermənilərin dağıdaraq yerlə-yeksan etdiyi ərazilərin yenidən qurulub bərpa edilmə prosesinə start verildi”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, Ermənistan 300-dən çox yaşayış məntəqəsini dağıtmış və sosial infrastrukturu məhv etmişdi:

”Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz yola saldığımız 5 ildən bir az çox müddətdə, 30 il ermənilərin viran qoyduğu ərazilərə yenidən həyat qayıdıb və keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdaraq yaşamağa başladılar.

Böyük qayıdışımızın ilk məkanı Zəngilan rayonunun Ağalı kəndi oldu. Ağalı kəndi “ağıllı kənd” konsepsiyası ilə yenidən qurularaq bərpa olunması və yüksək səviyyəli həyat şəraitinin yaradılması, digər ərazilərimizdə keçiriləcək yenidən qurma və bərpa işlərinin bir etalonuna çevrildi.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla, 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı qəbul olunub və uğurla icra olunur. Belə ki, işğaldan azad olunmuş ərazilərdə artıq 80 mindən çox insan yenidən məskunlaşıb, işləyir, təhsil alır və yaşayır. Cari ilin sonuna qədər isə işğaldan azad olunmuş ərazilərə qayıdan şəxslərin sayının 140 minə çatdırılması hədəflənmişdir. Deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərdə hər şey yenidən qurulur.

Hazırda 100 yaşayış məntəqəsinin tikintisi, layihələndirilməsi və planlaşdırılması işləri sürətlə aparılır. Son 5 ildə işğaldan azad olunmuş ərazilərdə 3 500 kilometrdən çox müasir avtomobil yolları tikilmiş, dəmir yolları yenidən qurulur və üç hava limanı istifadəyə verilmişdir. Yəni, 30 il ağır məcburi köçkün həyatını yaşamış insanlar indi müasir şəkildə yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdır və orada yaşayır, yaradırlar.

Təbii ki, işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəlməsinə dövlətimizin iqtisadi gücü sayəsində nail olunur. Belə ki, bu il də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına dövlət büdcəsindən 25 milyard manat vəsait ayrılmışdır. Bəzi bölgələr artıq sakinləşib, digər bölgələrdə isə qayıdış prosesləri davam edir. Köçlər mərhələli şəkildə aparılır, hər mərhələdə təhlükəsizlik və sosial şəraitin təminatı ön planda tutulur.

Biz döyüş meydanında ərazilərimizi işğaldan azad etdik və bu gün həmin ərazilərə həyat qaytarırıq. Təbii ki, görülən işlər hər birimizi sevindirir və qürurlandırır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə