"Cənab Prezidentin dövlət idarəetmə sistemində apardığı islahatlar, həyata keçirdiyi yeni təyinatlar və xüsusilə də ixtisaslı, peşəkar kadrların önə çəkilməsi dövlət idarəetməsinin daha yüksək səviyyədə təşkil olunmasına, müasir çağırışlara operativ cavab verən çevik idarəetmə modelinin formalaşdırılmasına xidmət edir".
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu siyasət, eyni zamanda, dövlət idarəetmə funksionallığının gücləndirilməsinə və mövcud problemlərin qısa müddətdə effektiv şəkildə həll olunmasına yönəlib: "Dövlət idarəetməsində aparılan bu yeniliklərə nəzər salsaq görərik ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində bu islahatlar daha qabarıq şəkildə həyata keçirilir. Mən Xankəndi şəhərini və Qarabağı təmsil edən millət vəkili kimi bunu xüsusi sevinc və fəxarət hissi ilə qeyd etməliyəm ki, məhz cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzurda tətbiq etdiyi yeni idarəetmə modeli, Prezidentin xüsusi nümayəndəlik institutunun yaradılması son dərəcə uğurlu və effektiv bir yanaşmadır.
Bu bölgələr işğaldan sonra yenidən qurulan, bərpa və dirçəldilmə mərhələsində olan spesifik ərazilərdir. Burada yaranan problemlərin operativ şəkildə, böyük bürokratik əngəllərdən kənar, birbaşa Prezidentin xüsusi nümayəndəlik institutu vasitəsilə həll edilməsi həm vaxt itkisini minimuma endirir, həm də idarəetmənin səmərəliliyini artırır. Bu yanaşma təqdirəlayiqdir və strateji baxımdan olduqca düzgün qərar hesab olunur.
Ümumiyyətlə, istər Qarabağ və Şərqi Zəngəzurda, istər Naxçıvan Muxtar Respublikasında, istərsə də Azərbaycanın digər bölgələrində, o cümlədən Bakı şəhərində həyata keçirilən yerli təyinatlar dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə və daha funksional hala gətirilməsinə xidmət edir.
Məhz bu səbəbdən hesab edirəm ki, həyata keçirilən yeni təyinatlar Azərbaycanın yeni bir idarəetmə mərhələsinə qədəm qoyduğunun göstəricisidir. Bu yeni idarəetmə modeli daha çevik, daha səmərəli və nəticəyönümlü dövlət idarəçiliyinin formalaşmasına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB