“BƏƏ Azərbaycanla münasibətlərə xüsusi önəm verir” - ŞƏRH OLUNDU

“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə inkişaf etməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq turizm, mədəniyyət, humanitar və iqtisadi sahələri əhatə etməklə yanaşı, parlamentlərarası əlaqələr səviyyəsində də davam etdirilir:

”Parlament diplomatiyasının gücləndirilməsi dövlətlər arasında qarşılıqlı siyasi dəstəyin möhkəmlənməsinə və beynəlxalq müstəvidə mövqelərin uzlaşdırılmasına mühüm töhfə verir.

Azərbaycan ilə BƏƏ arasında parlament əlaqələri müstəqilliyin ilk illərindən mövcud olsa da, bu münasibətlər hazırkı mərhələdə daha intensiv və sistemli xarakter almışdır. Müasir geosiyasi reallıqlar dövlətləri ikitərəfli münasibətləri dərinləşdirməyə vadar edir və bu proses həm parlament, həm də hökumətlərarası əməkdaşlıq mexanizmlərini əhatə etməlidir. Bu kontekstdə qanunverici orqanlar arasında təmasların artması siyasi dialoqun institusional əsaslarının möhkəmlənməsinə xidmət edir.

Birləşmiş Ərəb Əmirlikləri həm turizm, həm də iqtisadi inkişaf səviyyəsinə görə regionun aparıcı dövlətlərindən biridir. BƏƏ Azərbaycanla münasibətlərdə iqtisadi tərəfdaşlıqla yanaşı, mədəni, humanitar və dini yaxınlığa da xüsusi önəm verir. İslam dəyərləri üzərində formalaşan ortaq mədəni bağlar, eyni zamanda qarşılıqlı hörmətə əsaslanan siyasi münasibətlər əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan isə Körfəz və ərəb ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır və bu baxımdan BƏƏ ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Tərəflər arasında mövcud olan siyasi iradə münasibətlərin daha da dərinləşdirilməsinə, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin güclənməsinə şərait yaradır.

Azərbaycan-BƏƏ münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regional və beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır. Parlament diplomatiyasının fəallaşdırılması, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi bu münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafını təmin edən əsas amillərdən biri kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə