“Bakıda keçirilən konfrans Hindistanın etnik problemlərini beynəlxalq gündəmə daşıdı” - ŞƏRH OLUNDU

”Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans, Azərbaycanın humanitar dəyərlərə bağlılığını və qlobal ədalət mübarizəsindəki liderliyini bir daha ortaya qoydu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, tədbir Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi sistemli repressiyaları beynəlxalq müstəvidə müzakirəyə çıxardı:

”Burada Pəncab əyalətinin rəsmiləri, Qərb ölkələrindən gəlmiş nüfuzlu ekspertlər və insan hüquqları müdafiəçiləri Hindistanın azlıqlara qarşı apardığı ayrı-seçkilik siyasətini faktlarla ifşa etdilər.

Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən bu konfrans, ölkəmizin yalnız regional deyil, həm də beynəlxalq miqyasda insan haqları və azadlıqların müdafiəsinə verdiyi töhfəni göstərir. Azərbaycan, özünün multikultural dəyərləri və tolerantlıq ənənələri ilə dünyaya nümunədir. Müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmiz, Hindistan kimi dövlətlərin repressiv siyasətinə qarşı prinsipial mövqeyini açıq şəkildə ortaya qoyur.

Hindistanın siyasəti isə ciddi tənqid olunmalıdır. Konfransda təqdim edilən faktlar göstərdi ki, Hindistan hökuməti siqh icmasına, müsəlmanlara və digər azlıqlara qarşı sistemli təzyiqlər həyata keçirir. Bu, yalnız daxili sabitliyi pozmur, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. İnsanların dini və etnik kimliyinə görə təqib olunması, müasir dünyada qəbuledilməzdir. Hindistanın özünü “demokratiya beşiyi” kimi təqdim etməsi, bu reallıqlar fonunda tamamilə riyakarlıq təsiri bağışlayır.
Bakıda keçirilən konfrans Hindistanın etnik problemlərini beynəlxalq gündəmə daşıdı və bu ölkənin repressiv siyasətini ifşa etdi. Azərbaycan isə bu təşəbbüsü ilə bir daha sübut etdi ki, yalnız regionda deyil, bütün dünyada ədalət və insan haqları uğrunda mübarizənin ön sıralarında dayanır. Bu, həm ölkəmizin nüfuzunu artırır, həm də qlobal miqyasda sülh və tolerantlıq dəyərlərinin möhkəmlənməsinə xidmət edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə