"44 günlük Vətən müharibəsindən sonra artıq 400 nəfərdən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanına çevrilib. Onlardan 80-nə qədəri həlak olub. Son günlərdə Cəbrayıl və Ağdərə rayonlarında da mülki şəxslər mina partlayışları nəticəsində zərər görüblər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, bu, olduqca ciddi humanitar fəlakətdir və belə bir təhlükənin qarşısı mütləq şəkildə alınmalıdır: "Çünki mülki insanların hüquqları kobud şəkildə pozulur, günahsız və dinc insanlar həlak olur və ya ömürlük şikəst qalırlar. Postmünaqişə dövründə dinc əhalinin mina terrorunun qurbanı olması yolverilməzdir.
Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə genişmiqyaslı minatəmizləmə işləri aparır. 2021–2025-ci illər ərzində ümumilikdə 248 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib. “Böyük Qayıdış”a dair I Dövlət Proqramının tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu prosesdə beynəlxalq əməkdaşlıq və xarici yardımlar olduqca vacib rol oynayır.
Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə mövcud olan humanitar vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ağır şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını isə daha da çətinləşdirməyə səbəb olur.
Mina problemi işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də ən ciddi və ağrılı problemlərdən biri olaraq qalır. İşğal illərində Ermənistan tərəfi Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb və bu təhlükə bu gün də insanların həyatını təhdid edir.
Ermənistan indiyədək dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyib. Qarşı tərəf bir neçə dəfə qeyri-dəqiq və natamam formulyarlar təqdim etməklə həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərib. Bu yanaşma daha çox insan itkisinə səbəb olmaqla yanaşı, eyni zamanda “Böyük Qayıdış” proqramına mane olmaq məqsədi daşıyır.
Beynəlxalq hüquqa əsasən, mina terroru müharibə cinayəti hesab olunur və Ermənistan bu cinayətlərə görə məsuliyyət daşıyır. Çünki minalar məqsədli şəkildə basdırılıb və birbaşa mülki əhaliyə qarşı yönəlib.
Vaşinqton razılaşmasından sonra regionda sülh və normallaşma prosesində yeni reallıqlar formalaşıb. Azərbaycan sülh və əməkdaşlıq istiqamətində ardıcıl və intensiv addımlar atır. Buna misal olaraq, taxıl məhdudiyyətinin aradan qaldırılmasını və benzin tədarükünü göstərmək olar. Ermənistan da bu prosesdə səmimi mövqe nümayiş etdirməli və sülhə xidmət edən praktik addımlar atmalıdır. Bu baxımdan, mina xəritələrinin tam və dəqiq şəkildə təhvil verilməsi sülh prosesinə mühüm töhfə ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB