Ukrayna Fransadan 100 ədəd “Rafale” qırıcısı sifariş edib. Bu barədə prezident Vladimir Zelenski Fransa tərəfi ilə müqavilə imzaladıqdan sonra jurnalistlərlə görüşündə bildirib. Prezident Administrasiyası daha sonra izah edib ki, sövdələşmə 2035-ci ilə qədər qüvvədədir. O, həmçinin Ukraynada lokallaşdırılmaqla texnologiya transferi və təyyarələrin birgə istehsalı imkanlarını nəzərdə tutur. Bundan başqa, Zelenskinin sözlərinə görə, Ukrayna Fransadan səkkiz SAMP-T zenit-raket kompleksi ala biləcək. O qeyd edib ki, bunlar düşmənin ballistik raketlərinə qarşı durmağa qadir olan yeni nəsil SAMP-T sistemləridir. Makron isə öz növbəsində bildirib ki, imzalanmış saziş “çox qısa müddətdə həlledici imkanların” əldə edilməsi ilə həm dərhal, həm də növbəti 10 il ərzində ikitərəfli əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Bazar ertəsi gecə Rusiya təcavüzkarları Ukraynanın beş regionunda enerji infrastrukturuna hücum ediblər, Energetika Nazirliyi məlumat yayıb. "Düşmən Xarkov, Sumı, Çerniqov, Odessa və Donetsk vilayətlərinin enerji infrastrukturuna hücum edib. Zədələnmiş enerji infrastrukturu obyektlərində təmir-bərpa işləri davam etdirilir", - məlumatda deyilir.

ABŞ Rusiya neftinin alıcılarına qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya sanksiya təzyiqini artırmaq üçün yeni ikitərəfli qanun layihəsi hazırlayır. Respublikaçı senator Lindsi Qrem bildirib ki, prezident Donald Tramp bunu təsdiqləyib. Onun sözlərinə görə, yeni qanun layihəsi ABŞ prezidentinin Ukraynada müharibəyə son qoymaq üçün alətlərini genişləndirir. Sənəd ucuz Rusiya enerjisini almağa davam edən və Kremlin hərbi əməliyyatlarını effektiv şəkildə maliyyələşdirən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların və tariflərin tətbiqi imkanını nəzərdə tutur.

Rusiya neftinə endirimlər psixoloji həddə çatıb

ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalarından əziyyət çəkən Hindistan və Çində tələbin azalması ilə əlaqədar Rusiya neftinin qiyməti düşməyə davam edir. Bloomberg Argus-un məlumatlarına istinadən xəbər verir ki, endirimlər artıq 20 dollar/barel keçib. Rusiya neft istehsalçıları üçün Rusiyanın əsas ixrac brendi olan Urals neftinin qiyməti ötən həftənin sonunda Novorossiysk limanından daşınarkən bir barel üçün 36,61 dollara düşüb.

DeepState bu həftə Rusiyanın irəliləyişlərinin sürətini qiymətləndirdi

DeepState OSINT layihəsinin məlumatlarına görə, ötən həftə Rusiya ordusu Ukrayna ərazisinin 149,48 kvadrat kilometrini işğal edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 66% artım deməkdir. Konkret olaraq, ötən həftə Zaporojjya vilayətinin Hulyai-Polye sektorunda işğalçıların irəliləmə tempi kəskin artıb: bu sektorda, eləcə də qonşu Novopavlivske sektorunda keçən həftə 81,4 kvadrat kilometr ərazini ələ keçiriblər. Donetsk vilayətinin Pokrovsk və Dobropilske sektorlarında düşmən ötən həftə 44,42 kvadrat kilometr ərazini ələ keçirib, bir əvvəlki həftə bu rəqəm 14,45 kvadrat kilometr, oktyabrın son həftəsində isə 19,16 kvadrat kilometr olub.

Polşa Ukraynaya gedən dəmiryol xəttində törədilən təxribatı araşdırır

Polşada Polşanı Ukrayna ilə birləşdirən Deblin-Varşava marşrutu üzrə dəmir yolu hissəsinin iki zədələnməsi halı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları orada quraşdırılmış partlayıcı maddələr aşkar ediblər. Polşa müstəntiqlərinin fikrincə, təxribatın xarici kəşfiyyat xidmətlərinin tələbi ilə həyata keçirilmə ehtimalı “çox yüksəkdir”. Polşa prokurorluğu baş verənləri təxribat kimi tövsif edib. Polşanın daxili işlər naziri bəyan edib ki, məsuliyyət daşıyanları və bu cinayət əməllərini sifariş edənləri tez bir zamanda müəyyən etməyə imkan verəcək əhəmiyyətli sübutlar toplusu toplanıb.

V.VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə