"Ümumiyyətlə, işğal dövrünə qədər bir sıra Azərbaycan torpaqlarında ermənilər daha çox məskunlaşmışdılar. Bunlara misal olaraq Xankəndi və Hadrut göstərilə bilər". Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilər düşünmürdülər ki, Azərbaycan bu əraziləri azad etmək istiqamətində real addımlar atacaq: "Lakin Vətən müharibəsinə qədər Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə mühüm tədbirlər həyata keçirdi. Mövqelərini diplomatik cəhətdən gücləndirməklə yanaşı, ordu quruculuğu sahəsində də ciddi işlər gördü.
Vətən müharibəsi zamanı Azərbaycan qısa müddətdə öz torpaqlarını işğaldan azad etdi. Müharibə dövründə iki mühüm hadisə Ermənistan üçün daha ciddi psixoloji zərbə oldu. Bunlardan biri Hadrutun, digəri isə Şuşanın işğaldan azad edilməsi idi. Bilindiyi kimi, Hadrutda əsasən ermənilər yaşayırdılar və onlar heç bir halda təsəvvür etmirdilər ki, Azərbaycan ordusu qısa müddət ərzində bu ərazini azad edə bilər. Hadrutun azad olunması Ermənistan cəmiyyətində ciddi vahimə yaratdı. Məhz bu hadisədən sonra ermənilər əmin oldular ki, Azərbaycan öz torpaqlarını tamamilə azad edəcək və illərlə işğal altında saxlanılan ərazilər sahiblərinə qayıdacaq. Bu baxımdan, Hadrutun azad olunması kifayət qədər əhəmiyyətli və tarixi hadisədir. Eyni zamanda bu, Ermənistan üçün psixoloji cəhətdən sarsıdıcı bir zərbə oldu. Bir neçə şəhərin azad edilməsindən sonra Ermənistan artıq məğlubiyyətini qəbul etdi və kapitulyasiya aktını imzaladı.
Hadrut əməliyyatı zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri misilsiz qəhrəmanlıq nümayiş etdirdilər. Onların göstərdiyi şücaət Azərbaycan hərb tarixinin qızıl səhifələrinə yazıldı. Bu baxımdan, Hadrut əməliyyatı və onun işğaldan azad olunması Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm yer tutur və tarixi bir hadisə kimi qiymətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə