"Beynəlxalq dəstəyin olmaması minatəmizləmə prosesini çətinləşdirir" - ŞƏRH EDİLDİ

"Əgər beynəlxalq birlik minatəmizləmə prosesinə kömək etməzsə, bu, ciddi problemə çevrilə bilər. Beynəlxalq ictimaiyyətin həm minatəmizləməyə, həm də işğaldan azad olunmuş ərazilərin bərpasına yardım etməsi vacibdir. Amma təəssüf ki, bu istiqamətdə istənilən səviyyədə dəstək müşahidə olunmur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, hələ Ukraynada müharibə başa çatmayıb, amma artıq Ukraynanın bərpası ilə bağlı təşəbbüslər irəli sürülür. Halbuki Azərbaycan öz ərazilərini təkbaşına azad etdiyi kimi, bu ərazilərin minalardan təmizlənməsini də özü həyata keçirmək məcburiyyətindədir: "Necə ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, eləcə də bu torpaqlarda təhlükəsizliyi təmin etmək üçün minaların təmizlənməsi istiqamətində ciddi addımlar atır. Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunan bölgələrdə böyükmiqyaslı bərpa və quruculuq işləri aparılır. Müdafiə Nazirliyinin və digər müvafiq dövlət qurumlarının bu sahədə fəaliyyəti artırılıb, minatəmizləmə üzrə ixtisaslı kadrların və texniki imkanların sayı genişləndirilib. Qısa müddət ərzində xeyli iş görülüb: yollar çəkilib, yaşayış məntəqələri bərpa olunub, elektrik və qaz xətləri çəkilib. Lakin bütün bu proseslərlə yanaşı, minalar hələ də ciddi təhlükə olaraq qalır. Təəssüf ki, bu minalar nəticəsində mülki şəxslər və hərbçilər arasında itkilər yaşanır, şəhidlər verilir.

Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, minatəmizləmə prosesi sürətlənsin və insan itkisi minimuma endirilsin. Verilən hər bir şəhid bu işin nə qədər ağır və dəyərli olduğunu göstərir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə