"Türkiyə-Azərbaycan qardaşlığını heç kim poza bilməz" - HULUSİ KILIÇ DANIŞDI

"Kirli əllərinizi Can Azərbaycanın üzərindən çəkin. İftira, yalan və pis niyyətlə, düşmən hisslərlə yayılan xəbərlər Türkiyə-Azərbaycan qardaşlığını əsla poza bilməz. Türkiyə ilə Azərbaycanın qardaşlığı dağ kimidir, onu heç kim sarsıda bilməz. Bizim qardaşlığımız tarixin dərin qatlarından gələn möhkəm bağlarla, poladdan hörülmüş bir iradə ilə formalaşıb. Azərbaycanın isə Fələstin və Qəzza məsələsində göstərdiyi mövqe və fəaliyyəti ortadadır". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O, Azərbaycanla Fələstin arasındakı münasibətlərə toxunaraq qeyd edib ki, Azərbaycan hələ 1992-ci ildə Fələstini dövlət kimi tanıyıb: "Fələstin də 2010-cu ildə Azərbaycana səfir təyin edib və 2011-ci ildə Bakıda səfirlik açılıb".

O dövrdə Azərbaycanın paytaxtında səfirlik açılışının şahidi olan Hulusi Kılıç həmin illərdə Türkiyənin Azərbaycandakı səfiri olduğunu da xatırladıb. Onun sözlərinə görə, Azərbaycan son illərdə də bu istiqamətdə mühüm addımlar atıb. Ölkə üç il öncə Ramallahda nümayəndəlik açıb, 2017-ci ildə isə BMT müstəvisində Fələstin üçün önəmli qərarların qəbuluna dəstək göstərib. Azərbaycan dövləti Qəzza ilə bağlı məsələlərdə də üzərinə düşən öhdəlikləri yerinə yetirib, Türkiyə ilə birlikdə bütün lazımi qərarlarda iştirak edib. Hətta ötən ay BMT Baş Assambleyasında keçirilən səsvermədə də Azərbaycan Türkiyə ilə eyni mövqedən çıxış edərək iki dövlətli həll yolunu dəstəkləyib. Bu faktlar Azərbaycanın mövqeyini açıq şəkildə göstərir və aparılan qarayaxma kampaniyalarının məqsədi isə tamamilə başqa niyyətlərə xidmət edir.

Bu gün Türkiyədəki müəyyən xəyanətkar çevrələr də zaman-zaman təxribatçı addımlar atmağa çalışırlar. Bir müddət əvvəl SOCAR-ın İstanbul ofisinə hücum cəhdi bunun bariz nümunəsidir. Həmin vaxt bu hadisəni ən sərt şəkildə qınayanlardan biri də Hulusi Kılıç olub. O, bildirib ki, belə hərəkətlər dövlət tərəfindən lazımi qaydada cəzalandırılıb. Bütün reallıqlar ortada olduğu halda, münasibətlərimizi pozmaq istəyən xarici qüvvələrə sadəcə bir söz demək olar: Sizə buradan heç bir fayda çıxmaz. Çünki biz bir millətik və lazım gəldikdə bir dövlət kimi hərəkət etməyi bacarırıq. Bunun ən bariz nümunəsi isə münasibətlərimizi ən yüksək səviyyəyə daşıyan Şuşa Bəyannaməsidir.

Kılıç əlavə edib ki, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan bizim qardaş dövlətlərimizdir, amma Azərbaycan bizim əkiz qardaşımızdır. Bunu hər kəs bilməlidir. Xaricdən gələn heç bir təzyiq, heç bir qarayaxma kampaniyası bu qardaşlığımıza təsir göstərə bilməz. Bu, sadəcə mümkün deyil.

Diplomatın sözlərinə görə, hazırda aparılan təxribatçı kampaniyanın iki əsas hədəfi var. Birincisi, BMT çərçivəsində Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi fəaliyyətlərə kölgə salmaqdır. İkincisi isə 7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısını gözdən salmaq cəhdidir. Amma tarixin dəfələrlə sübut etdiyi kimi, belə niyyətlər heç vaxt nəticə verməyəcək.

“Atalarımız demişkən, it hürər, karvan isə öz yoluna davam edər,” – deyə Hulusi Kılıç sözlərini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə