“Prokurorluq orqanları daim inkişaf yolundadır” - Kənan Zeynalov

Prokurorluq ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci ildə yaradılıb. AXC süqut etdikdən sonra da prokurorluq SSRİ dövründə fəaliyyətini davam etdirib. SİA xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin daim göstərdiyi diqqət və qayğı nəticəsində 1970-ci illərdən başlayaraq prokurorluq orqanlarının inkişafı üçün mühüm addımlar atılıb: “Azərbaycan SSR Konstitusiyasında prokurorluğa xüsusi maddə ayrılıb, Baş Prokurorluğun inzibati binasında yeni korpus inşa edilərək istifadəyə verilib. Ulu Öndər daim prokurorluğun fəaliyyətini diqqət mərkəzində saxlayıb”.

K.Zeynalov əlavə edib ki, müstəqilliyin bərpasından sonra qəbul edilən 1995-ci il Konstitusiyasında prokurorluğa dair ayrıca müddəa təsbit olunub və orada orqanın səlahiyyətləri, fəaliyyət prinsipləri öz əksini tapıb.

“Hazırkı inkişaf mərhələsi isə 2020-ci il mayın 1-dən, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə başlanıb. Bu dövrdə prokurorluqda genişmiqyaslı islahatlar aparılıb, struktur dəyişiklikləri həyata keçirilib, vəzifə bölgüsü optimallaşdırılıb. Gənc hüquqşünasların dövlət qulluğuna cəlbi və onların peşəkar inkişafı istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, istintaq və təhqiqatın səmərəliliyi artırılıb, vətəndaş müraciətlərinə baxılması təkmilləşdirilib, korrupsiyaya qarşı mübarizə gücləndirilib”, – deyə o vurğulayıb.

Böyük prokuror qeyd edib ki, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, eləcə də şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdirilir.

“Prokurorluq yalnız sülh dövründə deyil, Vətən müharibəsi zamanı da vətənpərvərliklə çalışıb. Həmin dövrdə hadisələrin araşdırılması, sonrakı mərhələdə isə müvafiq cinayət işlərinin istintaqı və məhkəmələrdə müdafiəsi, həmçinin beynəlxalq müstəvidə Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması istiqamətində zəruri addımlar atılıb. Bu gün də Prokurorluq orqanları “Konstitusiya və Suverenlik ili” çərçivəsində kompleks tədbirlər həyata keçirməkdədir”, – Kənan Zeynalov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə