"Antiterror əməliyyatı nəticəsində Azərbaycanın bölgədə dəngələri tamamilə dəyişdi" - ŞƏRH EDİLDİ
"44 günlük Vətən Müharibəsi kimi, 23 saat 43 dəqiqəlik antiterror əməliyyatı da Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək yolunda atmış olduğu tarixi addım idi. Əslində, ermənilər özləri bizi buna məcbur etdilər". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, 1994-cü ildən 2020-ci ilə qədər Azərbaycan öz suveren ərazilərinin Ermənistan tərəfindən işğalına dinc yolla son qoymaq üçün bütün vasitələrə əl atdı, lakin ermənilər hər dəfə bu danışıqları pozdu, niyyətləri də bu idi ki, danışıqları uzatmaqla Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlasınlar:
"Hətta Azərbaycanın bu işğalla barışması üçün bizi daim təzyiq altında saxlamaq yolunu tutdular, sərhəd bölgələrində vaxtaşırı hərbi təxribatlar törətdilər. Belə təxribatların birində Azərbaycan ordusu əks-hücum əməliyyatına keçmək məcburiyyətində qaldı və 44 günlük müharibə Azərbaycanın parlaq Zəfəri ilə sonuclandı. Lakin bu da ermənilərə dərs olmadı. Nəhayət, ordumuz 2023-cü ilin 19 sentyabrında antiterror əməliyyatına başlamağa məcbur oldu və Azərbaycan ərazisindəki erməni terror yuvalarını darmadağın etdi. Şübhəsiz ki, bu antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpası bölgədə dəngələri tamamilə dəyişdi. Ərazilərimizin işğalından istifadə edən xarici güclərin ölkəmizə təsir, təzyiq və təhdid rıçaqları əllərindən çıxdı. Artıq Azərbaycan regionla bağlı bütün məsələlərdə öz maraq və iradəsini cəsarətlə ortaya qoyur və həll edir. 8 avqust Vaşinqton görüşləri, bu günlərdəki Çin səfəri bir daha bunu sübut etdi. Hazırda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan xalqı qalib xalq olmağın, güclü dövlət olmağın qürurunu yaşayır".
Bütün xəbərlər Facebook səhifəmizdə