"Hər gün və hər həftə azad olunmuş ərazilərə köç prosesi davam edir" -ŞƏRH OLUNDU
“Böyük tarixi Qarabağ Zəfərinin beşinci ildönümündə Azərbaycan cəmiyyəti işğaldan azad olunmuş ərazilərdə həyata keçrilən genişmiqyaslı layihələri xüsusi qürur hissi ilə izləyir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli bildirmişdir.
O, qeyd etdi ki, “Hələ 44 günlük Vətən müharibəsi tam başa çatmadan, azad edilən kənd, qəsəbə və şəhərlərə ilkin infrastrukturun-elektrik, su, qaz xətlərinin, həmçinin yolların çəkilməsi diqqət çəkirdi. Müharibədən dərhal sonra Azərbaycan dövləti güclü siyasi iradə nümayiş etdirərək sıfırdan bərpa və quruculuq işlərinə başladı.
Ötən beş il ərzində 1000 kilometrdən çox yol çəkilmiş, böyük infrastruktur layihələri reallaşdırılmış, məktəblər, uşaq bağçaları , sosial obyektlər, yaşayış binaları və yeni iş yerləri sürətlə istifadəyə verilmişdir. Bununla yanaşı , “Böyük Qayıdış” prosesi də həyata keçrilmiş, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün geniş tədbirlər görülmüşdür. Demək olar ki, hər gün və hər həftə azad olunmuş ərazilərə köç prosesi davam edir.
Azərbaycan prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə bu işlər ardıcıl şəkildə icra olunur.Onlar təməlqoyma mərasimlərində, açılışlarda və tikinti proseslərində şəxsən iştirak edərək dövlətin bu sahəyə verdiyi əhəmiyyəti nümayiş etdirirlər. Eyni zamanda Heydər Əliyev Fondunun, xüsusilə də Birinci xanım Mehriban Əliyevanın azad olunmuş ərazilərdəki tarixi abidələrin bərpası istiqamətində mühüm xidmətləri olmuşdur.
Azərbaycan xalqı bu prosesləri böyük rəğbət və qürurla qarşılayır. Qarşıdakı illərdə də azad olunmuş ərazilərdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi prosesi də sürətləndirilməkdədir ki, bu da regionun tam bərpası və dayanıqlı inkişafı üçün əsas şərtlərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə