"Beyin mərkəzlərinin iş birliyi, fikir mübadiləsi, məlumat mübadiləsi, müzakirələri — bütün bunlar təkcə bir ölkənin deyil, bütövlükdə dünyanın taleyini dinci yolla həll etməyə çox böyük töhfə verə bilər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, bir tərəfdən məlumat mübadiləsi aparılır, digər tərəfdən müzakirə müstəvisi yaradılır, eyni zamanda qərarverici şəxslərin diqqəti cəlb olunur. Bütün bunlar beyin mərkəzlərinin faydalı işinin nəticəsi olaraq dəyərləndirilir: "Savaşlarla, silahlarla, müharibə meydanlarında bir-birini anlamadan, danışmadan, müzakirə aparmadan üz-üzə gələn dövlətlər, qüvvələr və tərəflər beyin mərkəzlərinin vasitəçiliyi ilə masa arxasında oturub fikir mübadiləsi apara bilirlər. Nəticə etibarilə bu, sülhə xidmət etmiş olur.
Beyin mərkəzləri eyni zamanda bir dövlətin inkişafı üçün vacibdir. Onlar həm daxili ictimai rəylə işləmək, həm də xarici və qlobal ictimai rəyi öyrənmək baxımından mühüm rol oynayır. Gələcəyin planlaşdırılması, sosial və siyasi qərarların düzgün istiqamətləndirilməsi də bu qurumların fəaliyyətindən asılıdır.
Dövləti və ya dövlətin müxtəlif qurumlarını idarə edən şəxslərin beyin mərkəzlərinə hər zaman ciddi ehtiyacı olur. Çünki idarəedici şəxslərin çox vaxt araşdırma aparmaq, təhlil etmək, geniş analizlər üzərində işləmək imkanı olmur. Bu halda beyin mərkəzlərinin hazırladığı araşdırmalar, təhlillər və təkliflər onların yükünü azaldır, qərarların daha dəqiq və faydalı qəbul edilməsinə imkan yaradır. Beləliklə, beyin mərkəzləri həm dövlətlər, həm də cəmiyyətlər üçün böyük əhəmiyyət kəsb edən qurumlardır və onların fəaliyyəti ümumilikdə sülhün, inkişafın və tərəqqinin təmin olunmasına xidmət edir".
Eyni zamanda siyasi şərhçi qeyd edir ki, bu cür toplantıların Bakıda, Azərbaycanda keçirilməsi, yaxud da bizə yaxın bölgələrdə təşkil olunması və bizim də həmin tədbirlərdə iştirakımız, təbii ki, Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə əlavə töhfə verir: "Beyin mərkəzləri təbiidir ki, bir-biriləri ilə əlaqələri genişləndirirlər, daha effektiv işlər görürlər, fikir və informasiya mübadiləsi aparırlar. Bütün bunlar dövlətlərin və xalqların sülh şəraitində yaşamasına ciddi töhfə verir və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, təhlükələrin aradan qaldırılması və ya onların qabaqlanması baxımından da bu cür görüşlər və toplantılar əhəmiyyətlidir. Onlar həm regiondakı siyasi stabilliyi gücləndirir, həm də iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırır.
Təbii ki, nəticələrini zamanla görəcəyik və həmin nəticələrə uyğun olaraq yeni fikirlər formalaşa bilər. Amma ümumi olaraq demək istəyirəm ki, belə toplantılar, qarşılıqlı yaxınlaşma və inteqrasiyanın dərinləşdirilməsi sülhün təmin olunması baxımından çox vacibdir. Bu görüşlər həm də gələcəkdə daha geniş əməkdaşlıq və birgə layihələrin qurulması üçün zəmin yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə